31 Oktyabr

IFC Mərkəzi Asiyada Rəqəmsal Maliyyə Xidmətlərini inkişafına dəstək göstərir

Bu gün Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Mərkəzi Asiyada rəqəmsal maliyyə xidmətləri, o cümlədən elektron pul, internet və mobil bankçılığı təşviq etmək üçün regional konfrans keçirir. Tədbir IFC tərəfindən əhalinin və kiçik müəssisələrin yoxsulluğa qarşı mübarizə və iqtisadi artımın sürətləndirilməsi üçün əhəmiyyətli olan maliyyə xidmətlərinə çıxışına kömək etmək məqsədi daşıyan daha geniş proqramın tərkib hissəsidir.

"Elektron və Rəqəmsal Maliyyə Xidmətləri: Müvəffəqiyyət naminə birgə yol" adlı tədbir maliyyə qurumlarından, texnoloji və maliyyə şirkətlərindən 130-dan çox rəhbər şəxsləri bir araya gətirəcəkdir. Tədbir rəqəmsal maliyyə sektorunda yenilik, çətinlik və imkanları müzakirə etmək üçün müstəvi təmin edəcəkdir. Hazırda Mərkəzi Asiyada bir çox insan və kiçik biznes maliyyə təsisatlarından fiziki olaraq uzaq yerləşmələri səbəbindən rəsmi maliyyə sistemindən təcrid vəziyyətdədirlər. Mütəxəssislər qeyd edir ki, rəqəmsal maliyyə xidmətləri həmin şəxslərə ödəmələr etməkdə, əmanət hesabları açmaqda və kreditlər almaqda yardımçı ola bilərlər.

IFC/Dünya Bankının maliyyə, rəqabət qabiliyyətliliyi və innovasiya üzrə qlobal təcrübə üzrə direktoru Rolf Behrndt qeyd edir: "IFC innovativ və dayanıqlı maliyyə xidmətlərinin inkişafını dəstəkləyir. Maliyyə xidmətlərinin çatdırılması sahəsində mobil texnologiyalar və yeni biznes modelləri böyük sayda aşağı gəlirli əhali, mikro sahibkarlar, kiçik biznes və kənd sakinləri üçün əsas maliyyə xidmətlərinə çıxış təmin edə bilərlər. Daha uzun perspektivdə bu, iş yerlərinin yaradılmasına, yoxsulluğun azaldılmasına və iqtisadi artıma kömək edəcəkdir."

Qarşıdakı illərdə rəqəmsal xidmətlərə tələbatın artması gözlənilir. Smartfonların qiyməti tədricən aşağı düşdüyü bir vaxtda inkişaf edən ölkələrdə yaşayan insanların 2020-ci ilə qədər artıq 60%-nin internetə çıxış əldə etməsi gözlənilir (2015-ci ildə bu rəqəm 44% olmuşdur). Konfransda maliyyə qurumlarının rəqəmsal xidmətlərdən istifadə yolları, habelə yeniliklərin müştəri sayının artırılmasına köməyi və rəqəmsal maliyyə xidmətlərinin inkişafını təşviq etməklə dövlətlərin maliyyə inkluzivliyinə dəstək imkanları müzakirə ediləcəkdir. Münbit mühitdə bu sistemlər sürətlə arta və kütləvi miqyasa çıxa bilərlər.

Tədbir IFC-nin Azərbaycanda, Qırğızıstan Respublikasında və Tacikistanda həyata keçirdiyi Elektron və Rəqəmsal Maliyyə Xidmətləri Layihəsinin bir hissəsidir. Böyük Britaniyanın Beynəlxalq İnkişaf Departamenti və İsveçrə İqtisadi İşlər üzrə Dövlət Katibliyi tərəfindən dəstəklənən layihə IFC və Dünya Bankının Maliyyə, Rəqabətlilik və İnnovasiya üzrə Qlobal Təcrübəsinin bir hissəsidir.

Dünya Bankı Qrupu haqqında
Dünya Bankı Qrupu inkişaf etməkdə olan ölkələr üçün dünyanın ən böyük maliyyə və bilik mənbələrindən biridir. Qrup beş s
ıx əlaqəli şəkildə işləyən qurumdan ibarətdir: birlikdə Dünya Bankını formalaşdıran Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB/IBRD) və Beynəlxalq İnkişaf Assosiasiyası (BİA/DIA); Beynəlxalq Maliyyə Korporasiyası (BMK/IFC); Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi (ÇİZA/MIGA); və İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz (İMHBM/ICSID). Qurumların hər biri yoxsulluğa qarşı mübarizə və inkişaf etməkdə olan ölkələrdə yaşayan insanların həyat standartlarını yaxşılaşdırmaq missiyasında xüsusi rol oynayır. Daha ətraflı məlumat üçün www.worldbank.org, www.miga.org və www.ifc.org səhifələrinə baxın.

SECO haqqında

SECO iqtisadi siyasətlə bağlı bütün əsas məsələlər üzrə İsveçrənin səlahiyyətli qurumudur. SECO-nun iqtisadi inkişaf üzrə əməkdaşlığı inklüziv davamlı artım və yoxsulluğun azaldılmasına nail olmaq məqsədi daşıyır. Onun fəaliyyəti daha çox və daha yaxşı iş yerləri yaratmaq, ticarət və rəqabət qabiliyyətini artırmaq, effektiv müəssisələri və xidmətləri dəstəkləmək və iqlimin təsirlərinə dözümlü iqtisadiyyatları inkişaf etdirməkdir. Daha ətraflı məlumat üçün www.seco-cooperation.ch səhifəsinə keçin.

DFID haqqında

Beynəlxalq İnkişaf Departamenti (BİD) kəskin yoxsulluğa son qoymaq sahəsində Böyük Britaniyanın fəaliyyətini həyata keçirən qurumdur. Biz yoxsulluq və xəstəlik, kütləvi miqrasiya, təhlükəsizlik və münaqişələr daxil olmaqla, zamanımızın qlobal çağırışlarını həll edirik. Amalımız inkişaf etməkdə olan ölkələrdə və həmçinin Böyük Britaniyada insanlar üçün təhlükəsiz, daha sağlam, daha firavan dünya qurmaqdır. Daha ətraflı məlumat üçün https://www.gov.uk/government/organisations/department-for-international-development səhifəsinə keçin.