30 Oktyabr

Çirkli pulların yuyulmasına qarşı mübarizə qrupunun iclası olub

Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən Çirkli pulların yuyulmasına qarşı mübarizə və Komplayns üzrə Ekspert Qrupunun ilk iclası keçirilib. ABA-dan fins.az-a verilən məlumata görə, qrupda ÇPY qarşı mübarizə və komplayns üzrə Azərbaycan Respublikasının qanunvericiliyi, ölkəmizin tərəfdar çıxdığı Beynəlxalq konvensiyaların tələbləri, Maliyyə Tədbirləri Üzrə İşçi Qrupu – FATF-ın tövsiyələri, Bank Nəzarəti üzrə Bazel Komitəsinin prinsipləri və Azərbaycan Respublikası Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin tələblərinə uyğunluq üçün görülən işlər müzakirə edilir, bu sahədə, üzvlər arasında təcrübə mübadiləsi aparılır. Həmçinin, bankların qeyd olunan istiqamətdə daxili nəzarət qaydalarının təkmillədirilməsi və unifikasiyası məsələləri müzakirə edilir, daxili nəzarətin təşkili və həyata keçirilməsi ilə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi imkanlarını istisna edən şəraitin yaradılması imkanlarına birlikdə baxılır, eyni zamanda bu sahədə birgə əməkdaşlıq yolları nəzərdən keçirilir.

ÇPY qarşı mübarizə və Komplayns üzrə Ekspert Qrupun fəaliyyətinin koordinasiyasını ABA-nın Rəyasət Heyətində təmsil olunan “PAŞA Bank” öz üzərinə götürmüşdür. Qrupun fəaliyyət istiqamətlərinin qrup üzvlərilə razılaşdırmaqla müəyyən edilməsi, fəaliyyətinin təşkili və ümumilikdə işinə rəhbərlik edilməsi “PAŞA Bank”ın Komplayns departamentinin direktoru Anar Kərimova həvalə edilmişdir.

Ekspert Qrupunun ABA-nın ofisində baş tutan iclasında PAŞA Bank, Bank of Baku, Bank VTB, XalqBank, Accessbank, AzərTükbank, Bank Respublika, Yapı Kredi Bank, Bank Standard, Azərbaycan Beynəlxalq Bankı, Unibank, Bank Silkway, VTB Bank, Muğanbank, Azərbaycan Sənaye Bankı, Dəmirbankın nümayəndələri iştirak etmişdirlər.