30 Oktyabr

Beynəlxalq Bankla bağlı SON VƏZİYYƏT

Maliyyə naziri Samir Şərifov “Azərbaycan Beynəlxalq Bankı”nın sağlamlaşdırılması ilə bağlı görülən işlər barədə açıqlama verib. Fins.az ANS TV-yə istinadən açıqlamanı təqdim edib: “Bu bankda dövlətin payı kifayət qədər yüksəkdir. Amma təəssüf ki, bankın sabiq rəhbərliyi kobud səhvlərə yol verib. Bu gün həmin səhvlərə hüquqi qiymət verilməkdədir. Məsələ ondadır ki, sabiq menecment Müşahidə Şurasının qərarlarına əməl etməyib, banklar bağlı məlumatlar təhrif edilib, mənimsəmə halları olub, əlaqəli şəxslərə lazımsız kreditlər verilib, həmin pullar dolayı yolla oğurlanıb. Hazırda bu işlərlə məşğuluq. İlk növbədə hüquq-mühafizə orqanları – Baş prokurorluq və Daxili İşlər Nazirliyi ilə pulların geri qaytarılmasına dair işlər aparırıq. İstəyərik ki, həmin adamlar məsuliyyətlərini dərk edib bankın pullarını geri qaytarsınlar. Digər tərəfdən isə bu bankın sistem əhəmiyyətli olduğunu, bank sektorunda 40% paya malikliyini nəzərə alaraq onun pis aktivləri “Aqrarkredit” – bank olmayan kredit təşkilatının idarəetməsinə verilib. Bunlar da müəyyən zavod və fabriklərdir ki, hazırda fəaliyyətləri səmərəsizdir, amma Beynəlxalq Banka borcludurlar. Həmin müəssisələri sağlamlaşdırılması və onların satışı hesabına bankdan götürülmüş kreditlərin geri qaytarılması nəzərdə tutulub”.