Dollarla kredit götürənlərə dövlət tərəfindən güzəşt edilməsi müəyyən presedent yarada bilər. Fins.az-ın məlumatına görə, bu barədə maliyyə naziri Samir Şərifov ANS TV-yə müsahibəsində dollar kreditlərinin köhnə məzənnə ilə ödənilməsi barədə suala cavab verərkən bildirib.
«Bu nə qədər ədalətlidir?»
Nazir bildirib ki, hazırda dollar kreditlərinin hansı məzənnə ilə qaytarılması ilə bağlı cəmiyyətdə, o cümlədən sosial şəbəkələrdə müzakirələr gedir. Amma belə addımın sossial ədalət cəhətdən nə qədər düzgün olması sual doğurur: «Çünki 5 min dollar sadəcə soyuducu və ya televizor deyil, böyük məbləğdir. Bir qədər əvvəl 10 min dollarlıq kreditlərə güzəştdən danışılırdı – bu da bir avtomobilin puludur».
«Pulu olanlar da güzəşt gözləyir»
Samir Şərifov bilbirib ki, dollar kreditlərinə güzəşt olacağı barədə məlumatlar hətta vəsaiti olan müştərilərin də ödənişinə mənfi təsir edə bilər: «Sosial şəbəkələrdə bəziləri bildirir ki, ödəniş etmək üçün pulu olsa da, ödəniş etməyə tələsmir və güzəşt edilməsini gözləyir».
«Güzəşti banklar etməlidir»
Nazir bildirib ki, hökumət əmanətlərin vergidən azad etməklə və qorunmasına tam təminat verməklə artıq addımlar atıb. Bundan sonra dollardakı kredit borcu olanlara güzəştin edilməsi bank ilə müştəri arasında olan məsələdir:“Dollar kreditlərinə güzəştin verilib-verilməməsi, bank ilə müştəri arasında olan məsələdir. Bilirsiniz bizdə banklar, o xarici valyutadakı kreditləri verən zaman, bir çox halarda, bu kreditləri istehlak krediti kimi yüksək faizlə veriblər. Biz bunu da etiraf etməliyik. Yadınızdadır, bankların verdiyi istehlak kreditlərinin faizi illik 20-35% idi. Bunun nəticəsidir. Amma əvvəllər bu adamlar 30-35%- ödəyiblər axı… Yəni banklar bundan yüksək gəlir və mənfəət götürüblər. Bunlar niyə əvvəlki illərdə götürdükləri yüksək gəlirləri yaranmış problemlərin həllinə yönəltmilər?! Burada suallar var”.
"Banklara dövlət lazımi dəstəyi verdi"
Nazirin sözlərinə görə, dövlətin banklara ən böyük dəstəyi əmanətlərə 3 il müddətinə 100% sığorta təminatının verilməsi olub və dollar kreditlərində güzəşt etmək üçün banklar dövlətə ümid bağlamalıdırlar: “Milli Məclisin növbədənkənar iclası çağırıldı və əhalidə banklara olan inamsızlığı aradan qaldırılmaq üçün yeni qanun qəbul edildi, banklardakı bütün əmanətləri 100% sığorta təminatı verildi ki, insanlar banklardan pulunu geri çəkməsin, onu evdə saxlamasın. Çünki, əks təqdirdə bankların böyük problemləri yaranacaq. Bildiyiniz kimi, Əmanətlərin Sığortalanması Fondu bir əmanətə görə 30 min manatdan çox kompensasiya vermirdi. Dövlət isə böyük addım ataraq qərar qəbul etdi ki, əgər Fondun kompensasiya üçün vəsaiti olmazsa Mərkəzi Bankdan ora vəsait ayrılsın. Bu da banklar üçün kifayət qədər böyük dəstəkdir”.