30 Oktyabr

"Albalı" kart sahiblərinə "bəd" xəbər

"Unibank" müştərilərinin "Albalı Plus" kartındakı kredit limitini 2 dəfə azaldıb. Fins.az-ın məlumatına görə, bu qərar kredit limiti 1 000 manatdan yüksək olan bütün müştərilərə şamil edilib. Bankın müştəriləri bildiriblər ki, kredit limitinin aşağı salınması ilə bağlı qərarı Bank birtərəfli qəbul edib və onlara heç bir məlumat verməyib.

Bankın 117 nömrəli Müştəri Xidmətlərindən faktı təsdiq ediblər və məsələ ilə bağlı müştərilərin məlumatlandırılmamasını isə Bankın sistemində yaranan problemlə əlaqələndiriblər: "Sistemdə problem yaranmışdı. Ona görə də müştərilərə məlumat verilməyib. Amma hissə-hissə bütün müştərilər məlumatlandırılacaq".

"Unibank"ın mətbuat xidmətindən isə bildirilib ki, müştərilər 117 Müştəri Xidmətinə zəng etməklə əldə etdikləri kartlar haqqında məlumat əldə edə bilərlər: “Bank atdığı bütün addımlarda müştəri ilə bağladığı müqaviləyə istinad edir. "Albalı Plus" kartında limitlər risk qruplarına uyğun müəyyənləşdirilir və kart sahibi olan müştərilər Müştəri Xidmətindən kartlarının hansı risk qrupuna aid olduğunu öyrənə bilərlər. "Albalı Plus" kart sahibləri öz vəsaitlərini karta yerləşdirə, istifadə edə və bankda istədikləri vaxt nağdlaşdıra bilərlər".

Mənbə: “Report”