Ölkə banklarının dollarla əməliyyatlarda şəxsiyyət vəsiqəsi qaydasına əməl edəcəkləri inandırıcı görünmür. Fins.az-ın məlumatına görə, bu barədə iqtisadçı ekspert Qalib Toğrul Azərbaycan Mərkəzi Bankının (AMB) son qərarını şərh edərkən bildirib. Ekspert bu mövzu ilə bağlı bildirib:
«Mərkəzi Bank dollara olan tələbin inzibati yolla azaldılması yolunu seçərək nağd valyuta mübadiləsi zamanı 500 dollar limitini tətbiq etməsi ilk baxışdan dollar alışına qadağa assosiasiyası doğursa da, hüquqi baxımdan hansısa qadağan söhbət gedə bilməz: şəxsiyyət vəsiqəni təqdim et, nə qədər istəsən, dollar al. Ancaq Mərkəzi Bankın məqsədinin məhz manatla olan yığımlarını dollara çevirmək istəyən təbəqənin “gözünü qırmaq” olmasını ən azından mübahisələndirmək, “bu qərar Mərkəzi Bankın dollar almaq istəyənlərər psixoloji hücümüdur” tezisi ətrafında danışmaq olar.
Bu qadağanın qara bazarın yaranmasına stimul verəcəyi ilə bağlı deyilənlərlə razı olmasam da, bankların qoyulan limit çərçivəsində aparılan əməliyyatlar zamanı qanunvericiliyin tələblərinə əməl edəcəklərinə də inanmıram.
Mənim üçün başqa bir məsələ maraqlıdır: Niyə Mərkəzi Bank ikinci devalvasiyadan dərhal sonra manata gözlənilən təzyiqi azaltmaq üçün bazara kifayət qədər dollar çıxarmadı? Əgər bu baş versəydi, banklar kifayət qədər valyuta ilə təmin olunsaydı, ən azından valyuta bazarında müvəqqəti də olsa, sabitlik, əhalidə psixoloji rahatlıq, dollar gözütoxluğu yaranardı. Mənim bu suala cavabım belədir: Ya Mərkəzi Bank ölkədə dollara olan tələbin böyük olduğunu bildiyindən valyuta ehtiyatlarını birdən-birə riskə atmaq istəmədi, hadisələri öz axarına buraxıb yaxşı ssenari (bəlkə neftin qiyməti qalxar və ya xarici borclanma ilə bağlı yüksək səviyyədə qərar verilə bilər və sair) ümidi ilə gözləməyə üstünlük verdi, ya da ümumiyyətlə, dövriyyədə olan manatın real həcmi haqqında dəqiq məlumatı olmadığından ehtiyatlandı. Qorxum ikinci variantın real olmasındandır».