İqtisadçı-ekspert Vüqar Bayramov Azərbaycanda şəxsiyyət vəsiqəsi olmayan dollar satışı limitinin 10 dəfə azaldılaraq 500 dollara endirilməsinə münasibət bildirib. Fins.az xəbər verir ki, mütəxəssis bu qərarın “qara bazar”ı canlandıracağını qeyd edib: “Bu addımla Mərkəzi Bank dollara olan tələbi inzibatiyolla tənzimləməyə və öz valyuta ehtiyatlarına qənaətə etməyə çalışır. Amma kifayət qədər kiçik məbləğin limit kimi seçilməsi valyuta satışında ciddi çətinliklər yaradacaq. Belə ki, şəxsiyyət vəsiqəsi ilə dolların satılması valyuta dəyişmə məntəqələri üçün əlavə zaman alacaq və bu onların işini çətinləşdırəcək. Nəticədə valyuta dəyişmə məntəqələrinin qarşısında uzun növbələrin yaranacağı gözlənilir. Bu qərarın icrasında ən böyük risk “qara bazar”ın yaranması ilə bağlıdır. Şəxsiyyət vəsiqəsi və ya növbəyə dayanaraq dollar almaq istəməyənlər “qara bazar”da daha yüksək kursla valyuta almaq məcburiyyətində qala bilərlər. Çünki qeydiyyatsız valyuta almaq istəyənlər qeyri-leqal yollar axtaracaq”.
Vüqar Bayramovun fikrincə, şəxsiyyət vəsiqəsi ilə dollar satışının daha yüksək məbləğ üçün tətbiqi daha məqsədəuyğun olardı: “Xarici valyutaya tələbin hər gün artdığını nəzərə aldıqda Mərkəzi Bankın 500 dollarlıq limiti seçməsi doğru qərar deyil. Bu addımdan sonra “qara bazar”ın yaranmaması üçün Mərkəzi Bank valyutadəyişmə məntəqələrini və bankları xüsusi avadanlıqla təmin etməlidir ki, şəxsiyyət vəsiqəsi ilə dollar alışı vaxt aparmasın. Bir sıra inkişaf etmiş ölkələrdə şəxsiyyət vəsiqəsi ilə dollar satışı həyata keçirilir, amma şəxsiyyət vəsiqəsini xüsusi avadanlığa yaxınlaşdırmaqla onu qeydə alır. Bu da qısa zamanda elektron formada məlumatın hazırlanmasına səbəb olur. Prosesin elektronlaşmasına ehtiyac varki bu növbələrin və ajotajın yaranmasına səbəb olmasın”.