Türkiyənin iri bankları və bir neçə dövlət qurumu nəhəng kiberhücumla üzləşib. Fins.az xəbər verir ki, «Turk Telekom» hücumların kifayət qədər ciddi olduğunu bildirib. Hücuma məruz qalanlar arasında «Isbank», «Garanti» və Azərbaycanda da nümayəndəliyi olan «Ziraat Bank» var. Kiberhücumlardan sonra kredit kartları ilə əməliyyatlarda problemlər yaranıb. Yerli KİV-lər hücumun arxasında «Anonymous» haker qrupunun olduğunu ehtimal edir.
Qeyd edək ki, bir neçə gündür Türkiyənin dövlət əhəmiyyətli qurumlarının internet ünvanlarına kiberhücumlar həyata keçirilir. "Anonymous" adlı haker qrupu hücumlara görə məsuliyyəti üzərinə götürərək bunu Ankaranın İŞİD-ə dəstəyi ilə əlaqələndirib. Qrup Türkiyəni hədələyərək bildirib ki, Türkiyə hökuməti İŞİD-ə dəstəyi kəsməyəcəyi təqdirdə, hücumlar davam edəcək.
Son xəbərdarlığında «Anonymous» Türkiyə hökumətinin ünvanına açıq hədələr səsləndirmişdi: «Türkiyə neft almaqla və döyüşçülərini müalicə etməklə İŞİD-i dəstəkləyir. Ərdoğanın İŞİD-i dəstəkləməsini qəbul etməyəcəyik. Türk hökumətinə səslənirik – İŞİD-ə dəstəyi dayandırmasanız, internetinizə hücum edəcəyik, hökumət saytlarını çökdürəcəyik. Hava lmanlarınızı, əsgəri qurumlarınızı hədəfə götürəcəyik. Bank sisteminizin bazasını məhv edəcəyik. Bu dəliliyə son verin! Taleyiniz əlinizdədir».
Mənbə: Strateq.az