30 Oktyabr

Azərbaycan manata görə xaricdən bir neçə milyard dollar borc alacaq

Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi beynəlxalq maliyyə bazarlarından cəlb edilən vəsaitlər hesabına həyata keçirilməlidir.

Fins.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

Manatın məzənnəsinin dəyişdirilməsi, bütövlükdə idxalın azalmasına gətirib çıxartmalıdır. O ki qaldı TANAP-ın maliyyələşdirilməsi, bizdə belə bir ümumi fikir var ki, biz orada olan payımızı beynəlxalq maliyyə bazarları vasitəsilə maliyyələşdirməyə keçməliyik ki, valyuta balansımız üçün əhəmiyyətli gərginlik yaranmasın.

Manatın yeni qiyməti valyuta balansında olan gərginliyi əhəmiyətli dərəcədə azaldacaq. Optimist ssenarimizdə bütövlükdə idxalın azalmasını gözləyirik. Kritik idxal qalmaqla biz idxalı azaltmalıyıq”,- Baş bankir deyib.

Qeyd edək ki, TANAP layihəsində Azərbaycan Respublikasının iştirak payının Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) vəsaitləri hesabına maliyyələşdirilməsi nəzərdə tutulub. Əgər maliyyələşdirilmə ARDNF-in vəsaitləri ilə aparılarsa, ölkədən küllü miqdarda valyutanın çıxar. Bu da Manat üçün arzuolunan hal deyil.

TANAP layihəsi 10 milyard dollar dəyərində qiymətləndirilir. TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub” qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) - 58 faiz, “Botaş” - 30 faiz və bp şirkəti - 12 faiz.

Devalvasiya, adətən, ölkələrin cari əməliyyatlar balansı kəsirini bağlamaq üçün apardığı bir siyasət kimi tanınır.

İqtisad ədəbiyyatda, "sabit valyuta məzənnəsi sistemlərində, dövlətin rəsmi valyuta məzənnəsini yüksəldərək, milli valyutasının xarici dəyərini aşağı salması prosesi" kimi xarakterizə olunan devalvasiya, malların ixrac qiymətini xarici valyutada aşağı salır, idxal qiymətini isə milli valyutada artırır.

Ona görə də, devalvasiya bir tərəfdən ixracı təşviq edərək valyuta gəlirlərini artırmaq, digər tərəfdən idxal mallarının ölkə daxilində tələbini azaldaraq valyuta qənaəti təmin etmək məqsədini güdür.