Azərbaycanın bank sektorunda vəziyyət sabitdir. Fins.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov “üzən məzənnə” rejiminə keçidin bank sektoruna təsiri barədə danışarkən deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda bankların kapital adekvatlığı 17%-dir. Halbuki beynəlxalq təcrübədə bu nisbət 8%-dir: “Həmçinin bankların likvidliyi normadan 2 dəfə çoxdur. Banklar bütün hesablaşmaları həyata keçirə bilirlər. Bundan əvvəl də bizə bank sektorunun stress-testləşməsini həyata keçirirdik və “üzən məzənnə” də bu çərçivədə ssenarilərdən biridir. “Üzən məzənnə” də göstərir ki, bank sektoru bu vəziyyətdə kifayət qədər dayanıqlılıq nümayiş etdirir”.
Bununla belə, baş bankir qeyd edib ki, bank sektorunun sabitliyinin daha da artırılması üçün əlavə tədbirlər görüləcək: “Tənzimlənmə bazasının yumşaldılması həyata keçiriləcək ki, banklara əlavə kapitallaşma, likvidliyin yüksəldilməsi imkanları yaradılsın. Bundan başqa, əmanətlərin sığortalanması sistemi daha da yaxşılaşdırılacaq”.