“Amrahbank” müştərilərindən istehlak kreditlərinə görə komissiya haqqı tutmur. Bu barədə fins.az-a bankdan bildirilib. Bununla belə, “Amrahbank”dan kredit götürənlər fərdi qəza sığortası üçün haqq ödəməlidir. Bu isə kreditin müddətindən asılı olaraq 2,5-3,5% civarında dəyişir.
Məsələn, bankdan 1 il müddətinə 1000 manat kredit alanlar bunun 25 manatını fərdi qəza sığortası üçün ayırmalıdır. 2 illik kreditlərdə isə sığorta haqqı 35 manat olur: “Sığorta pulunu ona görə tuturuq ki, sabah borcalanın başına bir iş gəlsə, sağlamlığında problem yaransa, işləyə bilməsə və buna görə krediti qaytara bilməsə, sığorta şirkəti borcu ödəsin”.
“Amrahbank” müştərilərin sığortalanmasını “qohum” sığorta şirkəti – “Amrah Sığorta” vasitəsi ilə həyata keçirir. Bankda bildirirlər ki, başqa sığortaçı ilə işləmirlər və bütün müştərilərin fərdi qəza sığortası mütləq “Amrah Sığorta”da edilməlidir.