Fins.az “ZıraatBank Azərbaycan”ın İdarə Heyətinin sədri Avni Dəmirçi ilə müsahibəni təqdim edir:
- “Zıraat Bank Azərbaycan” yerli bank sektoruna hansı yenilikləri, fərqli məhsul və xidmətləri gətirib?
- “Zıraat Bank Azərbaycan” 4 aydır ki, fəaliyyətə başlayıb. 2014-cü il dekabrın 30-da Azərbaycan Mərkəzi Bankından lisenziyamızı aldıq və təxminən yarım illik hazırlıqdan sonra bu ilin iyul ayında ilk müştərimizi qəbul etdik. Biz Azərbaycan bazarında “Zıraatbank” adı ilə yeni bank olsaq ki, uzun illər “Azər-Türk Bank”ın əsas səhmdarlarından biri olduğumuz üçün bu bazara kifayət qədər bələdik. Azərbaycan iqtisadiyyatı, onun xarici ticarəti barədə məlumatlıyıq.
“Zıraat Bank Azərbaycan” yerli bank sektoruna bu sahədə zəngin təcrübəsi və müasir texnologiyalarla daxil olub, hələlik plastik kartlar istisna olmaqla beynəlxalq bankçılıqla bağlı bütün məhsul və xidmətləri təqdim edir. Hazırda müştərilərimizə həm hesab açırıq, həm pul köçürürük, həm əmanət qəbul edirik, həm də kredit veririk. Söhbət nağd pul krediti ilə yanaşı, qeyri-nağd pul kreditindən, yəni zəmanət məktubundan gedir. Bu məktublardan xarici ticarətlə məşğul olanlar, Türkiyədən və yaxud digər ölkələrdən hər hansı malların Azərbaycana idxalı ilə məşğul olanlar faydalanır. 2016-cı ilin 1-ci yarısında isə bankımızın plastik kartları da olacaq.
“Zıraat Bank Azərbaycan”ın başqa banklardan mühüm bir cəhəti, fərqi də odur ki, biz müştəri mərkəzi bankçılığı ilə məşğuluq. Yəni, müştərilərimizin istəyinə uyğun məhsul və xidmətlər hazırlayıb onlara təqdim edə bilirik. Bizdə məhdudiyyətlər yoxdur, nəyə ehtiyac varsa, ona uyğun yeniliklər bazara çıxarılır.
“Biz əsasən korporativ bankıq”
- Azərbaycan bazarında hədəflədiyiniz müştərilər kimlərdir? “Zıraat Bank Azərbaycan” korporativ bankdır yoxsa riteyl?
- “Zıraat Bank Azərbaycan” korporativ bankdır və öz fəaliyyətini əsasən ticarətlə məşğul olan iri şirkətlərə yönəldib. Kiçik müəssisələrlə işləmək planımızda yoxdur. Qismən fərdi bankçılıqla da məşğuluq. Amma hər kəsə kredit vermirik. Yüksək gəlirə malik şəxslər bizdən kredit ala bilərlər. Söhbət bizim korporativ müştəriləriminin rəhbər şəxslərindən gedir. Yəni, böyük iş adamlarına, biznes sahəsində seçilən insanlara fərdi qaydada kredit verməyə bilmərik.
- Bəs iqtisadiyyatın hansı sahələrinə kredit verirsiniz?
- Bizim üçün Azərbaycan iqtisadiyyatında demək olar ki, bütün sahələr prioritetdir. Yalnız bəzi sahələr var ki, onlar son vaxtlar ölkədə yaranmış iqtisadi vəziyyətlə əlaqədar çətinliklər yaşayırlar, həmin sahələrdən uzaq durmağa çalışırıq. Məsələn, hazırda tikinti sektorunda, xüsusilə yaşayış binalarının tikintisində durğunluq var. Bu sahəyə verilən kreditin özünü doğrultmayacağı qənaətindəyik. Ümumiyyətlə isə biz “Zıraat Bank Azərbaycan” olaraq bütün təklifləri dərindən analiz edirik, qiymətləndiririk, bankımızı tam qane edən layihələrə kredit ayırırıq. Məsələn, bu günə qədər ticarətlə məşğul olan, dövlət sektoru ilə əməkdaşlıq edən, infrastruktur layihələrinin həyata keçirilməsində iştirak edən şirkətlərə kredit verdik.
“Həm yerli valyutaya, həm də türk lirəsinə güvənirik”
- “Zıraat Bank Azərbaycan”ın əmanət məhsullarına maraq necədir? Azərbaycanda ilk dəfə türk lirəsi ilə əmanət yerləşdirməyi təklif etdiniz. Bu növ əmanətə maraq varmı?
- Təmsil etdiyimiz bank dünyanın 18 ölkəsində fəaliyyət göstərir və hər bir ölkədə biz həm yerli valyutaya, həm də türk lirəsinə güvənirik. Ona görə də, Azərbaycanda da manatla yanaşı, vətəndaşlara lirə ilə əmanət yerləşdirməyi təklif etdik. Bundan başqa, “Zıraat Bank Azərbaycan”da həm dollar, həm də avroda əmanət yerləşdirmək olar. Hər 4 valyutaya maraq var. Doğrudur, son vaxtlar məlum vəziyyətlə əlaqədar ölkədə dollarlaşma gedir, dollar əmanətinə maraq daha güclüdür, amma buna baxmayaraq biz müştərilərimizə həm manatla, həm də lirə ilə kredit veririk, bunu dayandırmadıq.
- Hazırda “Zıraat Bank Azərbaycan” Bakıda cəmi 1 filialla təmsil olunur. Filialların sayı artırılacaqmı? Bununla bağlı planlar var? İnkişaf strategiyanızda ölkənin hansı bölgələrində yeni filialların açılması nəzərdə tutulub? Bankın Bakıda baş ofisi nə vaxt və harada fəaliyyətə başlayacaq?
- Gələn ilin 1-ci yarısında baş ofisimizi açmağı planlaşdırırıq. Yeni filiallarımızdan biri də elə baş ofisdə yerləşəcək. Bundan başqa, 2016-cı ildən Bakıda daha 2-3 yeni filialımızın olmasını planlaşdırırıq.Tədricən isə Azərbaycanın bölgələrində təmsil olunacağıq. Yeni filialların açılması daha çox iqtisadiyyatın tələbinə uyğun həyata keçiriləcək.
“İqtisadi böhranı fürsət kimi qiymətləndiririk”
- Rəhbərlik etdiyiniz bank Azərbaycanın milli valyutasının kəskin ucuzlaşdırılmasından sonra yaranmış yeni şəraitdə, iqtisadi aktivliyin zəiflədiyi, bank sektorunda bir sıra problemlərin yarandığı dövrdə fəaliyyətə başladı. Mövcud vəziyyət “Zıraat Bank Azərbaycan”ın işinə necə təsir edir?
- Azərbaycanda iqtisadi aktivliyin zəiflədiyini düşünmürəm, sadəcə müəyyən qədər azalma var. Dövlət mövcud şəraitə uyğun olaraq büdcə xərclərini azaltdı və bu da vacib idi. Çoxları deyir ki, “Zıraat Bank Azərbaycan” iqtisadi böhran dövründə bazara daxil oldu. Amma biz bunu iqtisadi fürsət kimi qiymətləndiririk. Bu fürsətdən də faydalanmaq lazımdır. Çünki, iqtisadi böhran dövründə bir çox iş adamları həlledici addımlar atırlar.
Əgər biz devalvasiyadan əvvəl, hər şeyin yolunda getdiyi vaxt bazara daxil olsaydıq, bir çox məsələləri görüb proqnozlaşdıra bilməyəcəkdik.
- Azərbaycanda növbəti devalvasiyanın olacağı barədə söz-söhbətlər gəzir, bu rəsmi səviyyədə olmasa da,hər halda istisna edilmir. Bank risklərini minimuma endirmək üçün hansı qabaqlayıcı addımlar atır?
- Təbii ki, biz istənilən ssenariyə uyğun planlarımıza qururuq, hər həftə riskləri qiymətləndiririk və kredit verərkən lazımi addımlar atırıq. Azərbaycan uzun müddət sabit milli valyutaya malik oldu, yalnız bu il manatın məzənnəsi 34% zəiflədi. Bundan sonra devalvasiya olsa belə, hesab edirik ki, Azərbaycan bazarında manat ən doğru seçimdir. Tələbatdan asılı olaraq, məzənnə ilə bağlı vəziyyət dəyişə bilər, amma tədricən bazar yeni məzənnəni qəbul edəcək, hər şey sabitləşəcək. Bizim üçün əsas odur ki, müştərilərimiz götürdükləri kreditləri vaxtında, çətinlik çəkmədən ödəsinlər. Çünki ödənişlərdə gecikmə olması bank üçün ciddi problemdir.