Krediti qaytarmağın yaşayış minimumuna aid olub-olmaması barədə hüquqşünas Əkrəm Həsənovun sosial şəbəkələrdəki məlum statsusundan və Azərbaycan Banklar Assosiasiyasının (ABA) bununla bağlı açıqlamasından sonra ölkə hüquqşünasları arasında bu məsələ ilə bağlı hüquqi diskussiya başlanıb.
Qeyd edək ki, Ə.Həsənov adı çəkilən statusunda bildirib ki, bank müştəriləri öz gəlirlərinin yalnız yaşayış minimumundan artıq hissəsini bank krediti kimi ödəyə bilərlər. Əgər onların gəlirləri yaşayış minimumundan aşağıdırsa, onlar kredit ödənişindən imtina edə bilərlər(Həmin statusu daha ətraflı buradan oxumaq olar).
Azərbaycan Banklar Assosiasiyasının (ABA) hüquq ekspert komissiyasının sədri Qorxmaz Ağayev isə fins.az-a bildirib ki, bank və müştəri arasındakı münasibətlər Mülki Məcəllə ilə tənzimləndiyinə görə, yaşayış minimumunun həcmi kimi anlayışların bu məsələdə istifadə edilməsi və bunan kreditin qaytarılmaması üçün əsas kimi götürülməsi düzgün deyil (Həmin statusu daha ətraflı buradan oxumaq olar).
İndi isə bu diskussiyaya digər hüquqşünaslar da qoşulub. Vəkillər Kollegiyasının üzvü Vüsal Orucov da bildirib ki, kreditlərin qaytarılması və bununla bağlı məhkəmə qərarlarının icrasında yaşayış minimumu nəzərə alınmalıdır. Hüquqşünasın sosial şəbəkələrdə yayılan statusunda bildirilir:
«Qorxmaz Ağayevin açıqlamasında həm qeyd edilir ki,icbari ödənişlər dedikdə büdcə və büdcədənkənar fondlara ödəmələr, yəni vergi və DSMF-ə ödəmələr, rüsumlar, gömrük rüsumları və s. nəzərdə tutulur. Bank ödənişləri və məhkəmə qərarı ilə ödənişlər isə icbari ödənişlər sayılmır. Digər tərəfdən isə bildirilir ki, icbari ödənişlər artıq yaşayış minimumunun tərkibində əksini tapıb. Bu iki fikirin özü artıq ziddiyyətin əsasını qoyur. Belə ki, əgər kredit icbari ödənişlərə aid deyilsə və icbari ödənişlər də yaşayış minimumunun tərkibindədirsə bu halda deməli bu norma ilə müəyyən edilən məbləğ məhz digər icbari ödənişlərin ödənilməsi üçün nəzərdə tutulduğundan toxunulmaz hesab olunmalı və kreditin ödənilməsi üçün nəzərdə tutulmadığından, kredit ödənişi məhz bu məbləğdən artıq olan hissədən həyata keçirilməlidir. Digər tərəfdən, "Yaşayış minimumu haqqında" Qanunun 2-ci maddəsinə əsasən yaşayış minimumu "minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial norma"dır. Elə həmin maddəyə əsasən yaşayış minimumu "insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu"dur. Xüsusi vurğulanır: "sağlamlığının və həyat səviyyəsinin minimum səviyyəsi"!!! Azərbaycan Respublikasının Konstitusiyasına bir çox maddələrinə əsasən Azərbaycan dövləti öz vətəndaşlarının sağlamlığının, layiqli həyat səviyyəsinin, o cümlədən onun yaşamaq hüququnun reallaşdırılmasının üsulundan asılı olmayaraq əsas təminatçısı rolunda çıxış edir. Deməli şəxsin yaşaması üçün minimum norma da dediyimiz "minimum səviyyə" ilə müəyyən edilir. Bu, birmənalı toxunulmazdır! Ona görə də kredit ödənişlərinin hətta yaşayış minimumunun tərkib hissəsi olan icbari ödənişlərə yönəldilmə imkanını, "zorla" qəbul etsək belə, digər tərkib hissəsi olan minimum istehlak səbətinə yönəldilməsi qətiyyən mümkün deyil! Ona görə də dəyərli dostlarımız yaşayış minimumunun bütövlükdə toxunulmaz olduğunu qəbul etməlidirlər».
ABA-nın hüquqşünası Qorxmaz Ağayevin bu statusu cavabı özünü çox gözlətməyib: «Vusal müəllim, gəlin mülki münasibətlərlə, sosial-təminat münasibətlərini qarışdırmayaq. Haqqında danışlan qanunun məqsədi sosial təminata ehtiyac olanlara dövlət tərəfindən olan siyasəti əks etdirir. Burada münasibətin tərəfləri dövlət və vətəndaşdır. Bu mənada dövlət öz vətəndaşı üçün istənilən təminatı yarada bilər. Amma bu təminat dövlətin resursları hesabına olmalıdır, digər insan və təşkilatların hesabına yox! Haqqında bəhs edilən kredit münasibətləri bank ilə müştəri arasında olan mülki münasibətlərdi. Dövlət bu münasibətlərə müdaxilə edə bilməz ki, bunu Siz də yaxşı bilirsiz. Əks halda münasibətin tərəfindən birinə üstünlük vermiş olacaq və bununla da mülki münasibətlərdə bərabərlik və mülkiyyət hüquqları pozulmuş olacaq! Belə olan halda Konsitusiya ilə təyin olunmuş hüquqlara hansı təminatdan danışmaq olar? Hissləri, sosial çağırışları, mülki hüquqi öhdəliklərlə qarşdırmayaq!».