“Bank VTB (Azərbaycan)” gələn il üçün müəyyən etdiyi inkişaf strategiyasının detallarını açıqlayıb. Bu barədə fins.az-a bankın İdarə Heyətinin sədri Yuri Yakovlev məlumat verib.
“Azərbaycan biznesini xarici bazara çıxaracağıq”
Onun sözlərinə görə, bankın 2016-cı il üçün prioritet istiqamətlərindən biri Azərbaycan biznesinə xarici bazarlara çıxmaqda kömək etməkdir: “Bununla əlaqədar olaraq, bank xarici bazarlarda, əsasən Rusiyada və VTB qrupunun fəaliyyət göstərdiyi digər ölkələrdə Azərbaycan biznesi üçün effektiv beynəlxalq hesablama sisteminin yaradılması istiqamətində iş aparmaq, Rusiya-Azərbaycan ticari-iqtisadi əməkdaşlığın müxtəlif sahələrinə aid olan yerli şirkətləri və dövlət strukturlarını bank xidmətlərinə cəlb etmək, Azərbaycan iqtisadiyyatına xarici sərmayələrin yatırılmasına təkan vermək, eləcə də VTB qrupunun fəaliyyət göstərdiyi ölkələrdən olan şirkətlərlə birgə müəssisələrin yaradılmasını dəstəkləmək niyyətindədir”.
“Kiçik və orta biznes üçün xüsusi məhsullarımız olacaq”
Yuri Yakovlev həmçijnin qeyd edib ki, kiçik və orta biznes vasitəsi ilə iqtisadiyyatın real sektorunun maliyyələşdirilməsi gələn il üçün bankın inkişaf strategiyasında əsas məsələlərdən biridir: “Bu seqment üçün “Bank VTB (Azərbaycan)” xüsusi məhsullar paketi yaradacaq. Qarşıda qoyulan məsələlərin reallaşması üçün bank “VTB Faktorinq”lə birgə Azərbaycan istehsalçılarının məhsullarının iri Rusiya idxalçılarına çatdırılmasının maliyyə sxemini hazırlayır. Eləcə də VTB qrupunun fəaliyyət göstərdiyi ölkələrin diplomatik nümayəndəliklərinin köməkliyi ilə bu ölkələrlə işgüzar əlaqəsi olan və beynəlxalq hesablamaların aparılmasında maraqlı olan yerli şirkətlərin arasından potensial müştərilər müəyyən edilir”.
“Yeni pərakəndə məhsullar da hazırlayacağıq”
Bundan başqa, İH sədrinin sözlərinə görə, hazırda “Bank VTB (Azərbaycan)” xaricdə qohumları olan, Rusiyaya və digər ölkələrə tez-tez səfərlər edən əhalinin hesabına pərakəndə müştəri bazasının genişlənməsi istiqamətində iş aparır: “Pərakəndə biznesin inkişaf etdirilməsi məqsədi ilə Rusiya və Azərbaycan arasında mövcud humanitar əlaqələr üzrə bank xidmətlərinə olan təlabatın təminatına istiqamətlənmiş yeni pərakəndə məhsullar paketi hazırlanacaq. Bura, Rusiyaya səyahət edənlər üçün xüsusi rubl kartları, internet-bankinq vasitəsi ilə pul köçürmələri, daşınmaz əmlakın alınması və Rusiyada təhsil almaq üçün rubl kreditlərinin verilməsi daxildir.
“Yeni filiallar açacağıq”
Bundan başqa, bankın prioritet seçdiyi istiqamətlərə həmçinin kredit portfelinin yaxşılaşdırılması, problemli kreditlərlə iş aparılması aiddir. Yeni satış nöqtələrinə gəlincə, Yuri Yakovlev deyir ki, bank Rusiya ilə ticari əlaqələri olan regionlarda əlavə filialların açılması məsələsini nəzərdən keçirir.