30 Oktyabr

“Muğanbank” istiqraz satışını dayandırdı

“Muğanbank” bütün filiallarında bankın emissiya etdiyi istiqrazların satışı dayandırılıb. Bu barədə fins.az-a bankdan bildirilib. Məlumata görə, ilin sonuna qədər heç kimə istiqraz satılmayacaq. Buna səbəb qiymətli kağızların formasının dəyişdirilməsidir. Belə ki, yeni ildən istiqrazlar indi kimi kağız formada (sənədli) deyil, elektron formada satılacaq.

Bankdan bildirirlər ki, istiqraz satışına fasilə verilsə də, bu, indiyə qədər satılmış istiqrazların tədavüldən çıxması demək deyil. Onlar əvvəlki qaydada sahiblərinə pul qazandıra biləcəklər.

Xatırladaq ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi indiyə qədər “Muğanbank”ın 3 istiqraz emissiyasını qeydə alıb. İstiqrazlar 14 avqust 2009-cu il, 15 aprel 2010-cu il və 30 sentyabr 2010-cu il tarixlərində qeydə alınıb. Adsız olan bu qiymətli kağızların nominal dəyəri isə 50 manat, illik gəlirliliyi 2%, tədüvül müddəti 10 ildir.

İstiqrazlar üzrə tiraj 45 gündən bir keçirilir. “Muğanbank” istiqrazları sahiblərindən nominal dəyəri ilə geri alır. Amma bu zaman istiqrazın 15 gün, 30 gün və 45 gün ərzində geri qaytarılmasından asılı olaraq 50 qəpik, 1 manat, 1,5 manat komisyon haqqı tutulur.