30 Oktyabr

Dəmirbank"dan saxta biznes planla 10 mln kredit götürüblər

“Dəmirbank” ASC bəzi hüquqi və fiziki şəxslərə verdiyi güzəştli kreditlərdən təyinatı üzrə istifadə edilməməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib. Bu barədə fins.az Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, araşdırmalar zamanı məlum olub ki, bankın İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil kredit təşkilatı kimi büdcə vəsaiti və öz vəsaitləri hesabına ayırdığı güzəştli kreditlərin bir qismi təyinatı üzrə istifadə olunmayıb və mənimsənilib. Həmin kreditlər 2006-2010-cu illərdə kəndli-fermer təsərrüfatının inkişafı, tikinti və sənaye sahəsində işlərin sürətləndirilməsi məqsədi ilə saxta biznes planlar və digər sənədlər tərtib etmiş bəzi fiziki və hüquqi şəxslərin adlarına rəsmiləşdirilib. Söhbət 10 milyon 666 min 600 manatlıq vəsaitdən gedir.

Faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 195.2 ( külli miqdarda qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.