Mərkəzi Bankda "Kibercinayətkarlıq və bank sistemində fırıldaqçılıqla mübarizə" mövzusunda seminar keçirilib. Qurumdan fins.az-a verilən məlumata görə, tədbir “PricewaterhouseCoopers” (PwC) audit şirkətinin təşkilatçılığı ilə baş tutub.
Seminar PwC-nin bank işi, eləcə də enerji sektorlarında dövlət və özəl qurumlar üçün texnologiya, strategiya və risk menecmenti mövzusunda məsləhət xidmətləri üzrə eksperti Trevor Haqan tərəfindən aparılıb.
Seminarın məqsədi maliyyə bazarında baş verə biləcək fırıldaqçılıq hallarının qarşısının alınması, elektron ticarətdə ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə risklərin minimallaşdırılması yolları, bankların daxili şəbəkələrinin xarici müdaxilələrdən və xaker hücumlarından qorunmasının üsulları barədə bank əməkdaşlarının maarifləndirilməsindən ibarət olub.
Seminarda bankların informasiya təhlükəsizliyinə məsul şəxsləri və Mərkəzi Bankın əməkdaşları iştirak edib. Qeyd edəki, bank sistemində plastik kartlar vasitəsilə aparılan əməliyyatlar nəticəsində nağdsız ödənişlərin getdikcə çoxalması, həmçinin bank xidmətlərində internet və mobil alətlərdən geniş istifadə olunması informasiya təhlükəsizliyi sahəsində riskləri artırır. Bu baxımdan seminar bankların üzləşə biləcəyi fırıldaqçılıq hallarının qarşısının alınması, qabaqcıl beynəlxalq təcrübənin mənimsənilməsi, habelə informasiya təhlükəsizliyi sahəsində çalışan bank əməkdaşlarının bilik və bacarıqlarının artırılması baxımından əhəmiyyətli olub.