30 Oktyabr

Bu bank problemli kreditlərini gizlədir

Bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, “NİKOİL BANK”ın aktivləri 336,6 milyon manat təşkil edib. Fins.az-ın banka istinadən yaydığı məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,5% çoxdur.
Son 1 ildə bankın öhdəlikləri 47,7% artaraq 287 milyon manata, o cümlədən depozitləri 23,1% artaraq 190,3 milyon manata çatıb. Bankın məcmu kapitalı isə 9,5% artaraq 49,6 milyon manat olub.

İstehlak kreditlərini azaldıb

9 ayın yekunlarına görə, “NİKOİL BANK”ın kredit portfeli 23,7% artaraq 265,5 milyon manat təşkil edib. Bunun da 56,4%-i və yaxud 149,8 milyon manatı fiziki şəxslərə verilmiş istehlak kreditlərinin payına düşüb. Ötən il isə bu rəqəm 143,5 milyon manat və yaxud ümumi kredit portfelinin 66,9%-i qədər olub.

Əvəzində bank real sektora kredit qoyuluşunu artırıb. Belə ki, sənaye müəssisələrinə verilən kreditlər təxminən 15% artırılaraq 20 milyon manata, kənd təsərrüfatı kreditləşməsi 75% artırılaraq 10,5 milyon manata, ticarət və xidmət sektoruna ayrılan kreditlər 47% artırılaraq 4 milyon manata çatdırılıb. Bank-maliyyə sahəsinə verilmiş kreditlər isə 35%-lik artımla 5,5 milyon manat olub.
2013-cü ilin yanvar-sentyabr aylarından fərqli olaraq bu il “NİKOİL BANK” tikinti və nəqliyyat sektorlarında da borc verib – müvafiq olaraq 12,1 milyon manat və 3,3 milyon manat. Həmçinin rabitə sahəsində də 315 min manat kredit ayrılıb.
Bununla yanaşı, "Nikoil bank" problemli kreditlərinin məbləğini açıqlamır.

Kreditlərin 78%-ni Bakı və onun ətrafında verib

Bank-maliyyə sisteminə verilmiş kreditlər nəzərə alınmadan “NİKOİL BANK”ın kredit portfeli 260 milyon manat olub ki, bunun da 202,3 milyon manatı və yaxud 77,8%-i Abşeron iqtisadi rayonunda ayrılıb. Bu, ötən illə müqayisədə 18,55% çoxdur. Bank Aran bölgəsinə 18,2 milyon manat (33,7% artım), Gəncə-Qazax bölgəsinə isə (5,2% artım) kredit verib. Yuxarı Qarabağ, Lənkəran və Şəki-Qazatala iqtisadi rayonlarında isə kreditləşmənin məbləği 7-8 milyon manat civarında olub. Bank ən az Quba-Xaçmaz zonasına kredit ayırır – cəmi 917 min manat və yaxud ümumi portfelin 0,35%-i qədər.

3,6 milyon manat təmiz mənfəət əldə edib

9 ay ərzində “NİKOİL BANK”ın faiz fəlirləri 31,8% artaraq 30,8 milyon manat, faiz xərcləri 37,5% artaraq 16,8 milyon manat, qeyri-faiz gəlirləri 77,4% artaraq 4,95 milyon manat, qeyri-faiz xərcləri isə 9,4 dəfə artaraq 15,2 milyon manat təşkil edib. Beləliklə, bankın xalis əməliyyat mənfəəti 3,8 milyon manat olub. Digər gəlir və xərclərlə birlikdə “NİKOİL BANK” 3,6 milyon manat təmiz mənfəət əldə edib.