Bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, “Unibank”ın aktivləri 824,8 milyon manat təşkil edib. Fins.az-ın banka istinadən yaydığı məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,8% çoxdur. Bankın öhdəlikləri 17,3% artaraq 691,7 milyon, o cümlədən depozitləri 15,6% artaraq 468,8 milyon manat olub. Bankın məcmu kapitalı isə 42,8% artaraq 133,1 milyon manata çatıb.
Problemli kreditləri 17,5% artıb
9 ayın yekunlarına görə, “Unibank”ın kredit portfeli 676,4 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,9% çoxdur. Bankın problemli kreditləri isə 17,5% artıb. Belə ki, 2013-cü ildə bu göstərici ümumi kredit portfelinin 6,2%-i qədər – 35 milyon manat olduğu halda, bu il porfelin 6,1%-i qədər – 41,2 milyon manat olub. Amma bu, ölkə üzrə problemli kredit nisbətindən (5,5%) yuxarıdır.
Kreditlərin 75%-ni fiziki şəxslərə verib
“Unibank”ın ayırdığı kreditlərin 504,5 milyon manatını və yaxud 74,6%-ni fiziki şəxslərə verilmiş istehlak kreditləri tutub. Ötən il bu nisbət 74,2% olub. Əvəzində bank nisbi olaraq ticarət və xidmət sektorunun kreditləşməsini azaldıb – 18%-dən 16,6%-ə qədər. Bu sahəyə ayrımış kreditlərin məbləği isə 112,3 milyon manat olub. “Unibank” sənaye müəssisələrinə 19,1 milyon manat, kənd təsərrüfatına 35,3 milyon manat, tikinti sektoruna isə 4,5 milyon manat kredit verib.
Kreditlərin 70%-ni Bakıda yaşayanlar alıb
Bank əsasən Bakıda yaşayanlara kredit ayırıb. Belə ki, kredit portfelinin 69,4%-i və yaxud 469,2 milyon manatlıq hissəsi paytaxtın payına düşür. Ötən il bu məbləğ 435,4 milyon manat və yaxud ümumi portfelin 77,1%-i qədər olub. Digər bölgələrə gəlincə isə, Gəncə, Mingəçevir, Şəki və Şəmkirə 83,5 milyon manat, Abşeron, Sumqayıt və Astaraya 31,9 milyon, İmişli, Bərdə və Ağcabədiyə 31,5 milyon manat, digər şəhər və rayonlara isə 60,3 milyon manat kredit verilib.
40,9 milyon manat təmiz mənfəət əldə edib
Yanvar-sentyabr aylarının yekunlarına görə, bankın faiz gəlirləri 47,3% artaraq 117,3 milyon manat, faiz xərcləri 22% artaraq 39,2 milyon manat, qeyri-faiz gəlirləri 43,8% artaraq 26,5 milyon manat, 33,6% artaraq 49 milyon manat təşkil edib. Beləliklə, bankın xalis əməliyyat mənfəəti 55,6 milyon manat olub. Bu pulun 17,1 milyon manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına yönəldilib. Bundan başqa, “Unibank” gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən dəı 2,4 milyon manat mənfəət əldə edib. Beləliklə, bankın xalis mənfəəti təxminın 40,9 milyon manat olub.