Azərbaycanda plastik kartlara ödənilən pensiyalar bankomatlardan 2-3 gün ərzində çıxarılır. Fins.az-ın "Qafqazinfo”ya istinadən məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2015-ci il dövlət büdcəsi ilə bağlı qanun layihəsinin parlamentin Sosial siyasət komitəsinin noyabrın 7-də keçirilən iclasında müzakirəsi zamanı Fondun sədri Elman Mehdiyev bildirib.
Onun sözlərinə görə, DSMF hər 6 aydan bir müvəkkil bankların yerli şöbələri ilə bankomatların monitorinqini aparır: "Biz bu monitorinqlər zamanı yeni dislokasiya yerlərini müəyyən edərkən müvəkkil banlara yeni bankomatlarını quraşdırılması ilə bağlı təkliflərimizi veririk. Artıq müvəkkil banklardan olan Beynəlxalq Bank tərəfindən 300 bankomatın quraşdırılması nəzərdə tutulur. Yəni, həm yeni bankomatlar quraşdırılacaq, həm də köhnələri yeniləri ilə əvəz olunacaqlar”.
Əhali kartlardan düz istifadə etmir
E.Mehdiyevin sözlərinə görə, bir bankomat bir ay ərzində 2-3 gün işləyir. Bankomatların bir aylıq yükünün 2-3 gün ərzində istifadəsi bu cür hallara gətirib çıxarır. Bu 2-3 gün ərzində də bankomatların inkassasiya olunması və növbələrin azaldılması bir problemə çevrilir.
E.Mehdiyev qeyd edib ki, problemlərdən biri əhalinin plastik kartlardan istifadəyə düzgün yanaşmamasıdır. Əhali plastik kartları maliyyə vəsaitlərinin nağdlaşdırılməsı üçün istifadə edır. Amma plastik kartlar vasitəsilə müxtəlif ödənişlər həyata keçirmək, kommunal xidmətləri ödəmək olar: “Biz də pensiyaçılara verdiyimiz kartları dəyişib çoxfunksiyalı kartlarla əvəz edirik. Artıq pensiyaçılar həmin kartlar vasitəsilə müxtəlif ödənişlər həyata keçirə bilərlər”.
Nağd pul çıxarmayan pensiyaçılara kredit verilir
Fond sədri bildirib ki, bu məsələnin həlli yolunu post-terminal şəbəkəsinin genişləndirilməsində və post-terminallardan istifadəni təşviq etməkdə görürlər. Bu məqsədlə DSMF bu il “Pensiya+” layihəsinə də start verib. Həmin layihə çərçivəsində bankomatdan deyil, post-terminallardan istifadə edən şəxslərə öz pensiyasının məbləği qədər faizsiz kredit almaq şansı verilir.