Bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, “Bank Avrasiya”nın aktivləri 82,7 milyon manat təşkil edib. Fins.az-ın banka istinadən yaydığı məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,7% çoxdur. Bankın öhdəlikləri 5,1% azalaraq 52,4 milyon manat, o cümlədən depozitləri 6,8% azalaraq 17,1 milyon manat olub. Bankın məcmu kapitalı isə 27,5% artaraq 30,3 milyon manata çatıb.
Fermerlərin kreditləşməsini 2,5 dəfə artırıb
9 ayın yekunlarına görə, “Bank Avrasiya”nın kredit portfeli 66 milyon manat təşkil edib. Bu da ötən ilin eyni dövrünə nisbətən 18,8% çoxdur. Bank ən çox fiziki şəxslərə istehlak kreditləri ayırıb. Bu növ kreditlər bankın kredit portfelinin 15,8%-i qədər, yəni 10,4 milyon manat olub. Ötən ilin eyni dövründə isə bu göstəricilər müvafiq olaraq 18,7% və yaxud 10,4 milyon manat olub.
Bank ticarət sektoruna isə ötən ilin eyni dövrü ilə müqayisədə 20% çox, 16,1 milyon manat kredit ayırıb. Bu, ümumi portfelin 24,4%-i qədərdir. 2013-cü ildə isə bu göstəricilər müvafiq olaraq 13,5 milyon manat və yaxud 24,2% olub.
“Bank Avrasiya” kənd təsərrüfatının kreditləşməsini isə 2,5 dəfə artıraraq 7,9 milyon manat çatdırıb. Başqa sözlə, kredit portfelinin 12%-i fermerlərə yönəldilib. Ötən il isə bu rəqəblər müvafiq olaraq 3,2 milyon manat və yaxud 5,7% olub.
Bankın emal sənayesinə ayırdığı kreditlər isə 8,8% azalaraq 11,1 milyon manata düşüb. Bu da kredit portfelinin 16,8%-i qədərdir. Ötən il isə portfelin 21,8-i və yaxud 12,1 milyon manatı emal müəssisələrinə yönəldilib.
Bank tikinti sektoruna isə 7,33 milyon manat kredit ayırıb. Bu da ötən illə müqayisədə 18,7% çoxdur və ümumi portfelin 11,1%-i deməkdir. Halbuki, 2013-cü ildə bu rəqımlər 11,1% və yaxud 6,2 milyon manat təşkil edib.
Problemli kreditləri 3 dəfə artıb
Yanvar-sentyabr ayları üzrə “Bank Avrasiya”nın verdiyi kreditlərin 23%-i və yaxud 15,2 milyon manatı vaxtı keçmiş olub. Ötən ilin eyni dövründə isə bankın problemli kreditləri ümumi portfelin 9,9%-ni və yaxud 5,2 milyon manat təşkil edib. Göründüyü kimi, son 1 ildə vaxtında ödənilməyən kreditlərin məbləği təxminən 3 dəfə artıb.
Mənfəət əldə etməyib
Son 1 ildə “Bank Avrasiya”nın faiz gəlirləri 18,3% artaraq 6 milyon 574 min manat, faiz xərcləri 17,6% artaraq 2 milyon 247 min manat, qeyri-faiz gəlirləri 11,3% artaraq 1 milyon manat, qeyri-faiz xərcləri isə 6,7% artaraq 1 milyon 693 min manat təşkil edib. Beləliklə, bankın xalis əməliyyat mənfəəti 3 milyon 634 manat təşkil edib. Bundan başqa, “Bank Avrasiya” gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən 379 min manat mənfəət əldə edib. Amma bunlardan da artıq məbləğ – 4 milyon 605 min manat Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına yönəldilib. Son nəticədə bank mənfəət əldə etməyib və 592 min manatlıq zərərlə 3-cü başa vurub.