Bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, “Turanbank”ın aktivləri 280,6 milyon manat təşkil edib. Fins.az-ın banka istinadən yaydığı məlumata görə, bu, ilin əvvəli ilə müqayisədə 14,8% çoxdur. 9 ay ərzində bankın öhdəlikləri 13,3% artaraq 223,4 milyon manat, bankın məcmu kapitalı isə 19% artaraq 57,2 milyon manat olub.
Ən çox sənayeyə kredit ayırıb
İlin əvvəlini nisbətən “Turanbank”ın kredit portfeli isə 21,2% artaraq 215,3 milyon manata çatıb. Bank ən çox sənaye sektoruna kredit ayırıb – 56,1 milyon manat və yaxud ümumi portfelin 26%-i qədər. Kreditləşmənin məbləğinə görə, 2-ci yerdə ticarət və xidmət sektoru qərarlaşıb. Portfelin 22,6%-i və yaxud 48,6 milyon manatlıq hissəsi bu istiqamətə yönəldilib. Kənd təsərrüfatının maliyyələşdirilməsi isə təxminən 40 milyon manat (portfelin 18,5%-i) təşkil edib. “Turanbank” daşınmaz əmlak bazarına 38,6 milyon manat, fiziki şəxslərə isə 32 milyon manat kredit verib.
Problemli kreditləri 4%-ə yaxındır
9 ayın yekunlarına görə, bankın ayırdığı kreditlərin 3,8%-i və yaxud 8,2 milyon manatlıq hissəsi vaxtı keçmiş olub. Bu ölkə üzrə orta göstəricidən (5,3%) aşağıdır. Banka ən çox problem yaradan tacirlər olub. Ticarət və xidmət sektorunda çalışanlar aldıqları kreditlərin 7,1%-ni vaxtında qaytarmayıblar. Sənaye müəssisələrinə və fiziki şəxslərə verilmiş istehlak kreditləri üzrə nisbət 4,3%-dir. Aqrar sektorda problemli kredit göstəricisi 2,1%, daşınmaz əmlak sektorunda isə 0,4% olub.
5,36 milyon manat təmiz mənfəəti olub
Yanvar-sentyabr aylarının yekunlarına görə, “Turanbank”ın faiz gəlirləri 11,6% azalaraq 20,6 milyon manat, faiz xərcləri 15,2% azalaraq 9,9 milyon manat, qeyri-faiz gəlirləri 1,8% artaraq 3,6 milyon manat, qeyri-faiz xərcləri isə 13 dəfəyə yaxın artaraq 8,3 milyon manat təşkil edib. Beləliklə, bankın xalis əməliyyat mənfəəti təxminən 6 milyon manat olub. Bu vəsaitin 673 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına yönəldilib. Beləliklə, bankın xalis mənfəəti 5,36 milyon manat olub.