“Bank VTB (Azərbaycan)” fəaliyyət göstərdiyi 5 il ərzində aktivlərini 10 dəfə, kredit portfelini 18 dəfə, depozit portfelini isə 11 dəfə artırıb. Fins.az-ın məlumatına görə, bu barədə bankın 5 yaşı münasibəti ilə yaydığı açıqlamada bildirilir.
Belə ki, dekabrın 1-nə bankın aktivləri 280 milyon manat, kredit portfeli 272 milyon manat, depozit portfeli isə təxminın 20 milyon manat təşkil edib.
Bu ilin sonuna qədər kredit qoyuluşunun 286 milyon manatı keçəcəyi, bunun 58,5 milyon manatının korporativ biznesin payına, 228,5 milyon manatının isə pərakəndə biznesin payına düşəcəyi proqnozlaşdırılır.
5 il ərzində “Bank VTB (Azərbaycan)” 4 milyon manat, yəni ildə orta hesabla 800 min manat (təxminən 1 milyon dollar) mənfəət əldə edib.
Bankın müştərilərinin sayı 24265 olub ki, bunun da 479 nəfərini korporativ, 23 785-ni isə pərakəndə müştərilər təşkil edib.
Hal-hazırda “Bank VTB (Azərbaycan)”da 400-dən işçi çalışır ki, bu da 2010-cü illə müqayisədə 4 dəfə çoxdur. Bu isə bankın filiallarının sayının getdikcə artması ilə bağlıdır. Belə ki, 2014-cü ildə bank 8 filial açıb ki, onlardan ikisi Bakıdan kənarda - Sumqayıt və Xırdalan şəhərlərindədir. Yaxın vaxtlarda bank Gəncə şəhərində filial açmaq niyyətindədir.
“Bu 5 il ərzində biz yüksək nailiyyətlər əldə etmişik, bank bazarının bütün sahələrində liderə çevrilmişik. Biz bundan sonra da universal kommersiya bankı kimi inkişaf etmək niyyətindəyik. Bu gün VTB (Azərbaycan)-ın da daxil olduğu VTB Qrupu 20-dən çox ölkədə 30 bank və maliyyə şirkətlərini özündə birləşdirən unikal beynəlxalq şəbəkəyə malikdir. Bank VTB Qrupun nümayəndəliklərinin fəaliyyət göstərdiyi xarici bazarlara çıxmaqda azərbaycan şirkətlərinə yardım etməyə hazırdır. Ümid edirik ki, bizim əməkdaşlıq bundan sonra da uğurla inkişaf edəcək”,-deyə, bank VTB (Azərbaycan)-ın İdarə Heyətinin sədri YuriYakovlev bildirib.