30 Oktyabr

Əhalinin yarısının banklarda əmanəti var

Cari ilin yanvar-noyabrında əmanətlər üzrə əhalinin faiz gəlirləri 450 milyon manat olub. Fins.az-ın "Trend"ə istinadən məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2015-ci il üzrə pul siyasəti və maliyyə sabitliyinin əsas istiqamətləri üzrə bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Əhali bank sektoru ilə münasibətdə xalis kreditordur. Əhalinin əmanətlərinin həcmi kreditlərini 2,3 mlrd. manat üstələyir".

Cari ilin ötən dövründə əmanətlər üzrə əhalinin faiz gəlirləri 450 mln. manat olub. Hazırda ölkədə hər 1000 nəfərə 473 əmanətçi düşür. Adambaşına əmanətin məbləği 745 manata, fiziki şəxslərin bank hesablarının sayı isə 6,4 milyona çatıb. 2014-cü ilin 11 ayı ərzində korporativ depozitlər 35.3 faiz artaraq 8,2 mlrd. manata, əhalinin əmanətləri isə 10,8 faiz artaraq 7,1 mlrd. manata çatıb.
Bəyanatda deyilir ki, əhalinin manat əmanətləri 11 ayda 15 faiz artıb. Regionlarda əmanətlərdə 12,4 faizlik artım müşahidə olunub.