Azərbaycan manatı MDB və Şərqi Avropa məkanında ən sabit valyuta olaraq qalır. Fins.az-ın “Azərtac”a istinadən məlumatına görə, bu barədə Belarusun “Delovaya qazeta” saytında yerləşdirilmiş “MDB və Şərqi Avropa ölkələrinin valyuta məzənnələrinin dinamikası (infoqrafika və proqnoz)” adlı məqalədə bildirilir.
Materialda qeyd edilir ki, dekabr ayında Belarus rublu 2013-cü ilin payızından bəri ilk dəfə, IV rübdə və II yarımillikdə MDB və Şərqi Avropa ölkələrinin valyutaları arasında devalvasiya üzrə lider olub. Bütövlükdə 2014-cü ildə ən çox ucuzlaşan Ukrayna qrivnasıdır. Azərbaycan manatı isə bu məkanda ən sabit valyuta olaraq qalır.
Dünya bazarlarında Amerika dollarının mövqeyinin möhkəmlənməsi davam edir. ABŞ dollarının altı əsas valyuta – avro, yapon iyenası, funt sterlinq, Kanada dolları, İsveç kronu və İsveçrə frankından ibarət valyuta səbətinə nisbətini göstərən USDX indeksinin qiyməti dekabrın axırlarında 90 bənd olub. Bu indeksin tarixi minimumu (70 bənd) 2008-ci ilin martında, onun tarixi maksimumu isə (148 bənd) 1985-ci ilin əvvəlində qeydə alınıb.
Təbii ki, Avropa qitəsinin bütün valyutaları, o cümlədən avro özü də il ərzində bahalaşmaqda olan dollarla müqayisədə zəifləyib.
Məqalədə deyilir ki, 2014-cü il ərzində öz valyutasının Amerika dollarına nisbətdə devalvasiyasına imkan verməmiş yeganə ölkə Azərbaycandır. Nəşrdə bildirilir ki, manatın dollara nisbəti hətta 0,01 faiz artıb.