30 Oktyabr

Saxta qızılla bankın pulunu mənimsədilər

Milli Təhlükəsizlik Nazirliyindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə lombard işçisinin qanunsuz əməlləri barədə material daxil olub və araşdırılıb. Baş Prokurorluğun mətbuat xidmətindən fins.az-a daxil olan məlumata görə, araşdırmalar zamanı “Atrabank” ASC-nin “Bakı” filialının vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üzə çıxıb. Belə ki, bank işçiləri Səbail rayonunda fəaliyyət göstərən lombardın işçisi Yasəmən Abdullayevanın vasitəsilə saxta qızıl məmulatlarını 2011-ci ildən başlayaraq müxtəlif vaxtlarda banka girov qoyub və kredit götürüblər. Bununla da onlar 350 min manat məbləğində özgə əmlakını dələduzluq yolu ilə ələ keçiriblər. Həmin şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.