30 Oktyabr

“Banklar ilk növbədə Azərbaycan iqtisadiyyatına pul qoymalıdır”

Azərbaycan banklarının xarici bazara çıxmasına etiraz etmirəm, amma böyük resursları olan banklar ilk növbədə ölkə iqtisadiyyatına vəsait ayırmalıdır. Bu açıqlama ilə Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxış edib. Onun sözlərinə görə, banklar üstünlüyü istehlak kreditlərinə yox, real sektora verməlidir: “Bank sektorunun əsas fəaliyyəti yeni müəssisələrin yaradılmasına, iş yerlərinin açılmasına yönəldilməlidir. Çünki Azərbaycan dövləti bank sektorunun formalaşmasında çox böyük rol oynamışdır. Azərbaycan dövləti və hökuməti həmişə bank sektoruna dəstək olmuşdur, eyni zamanda, onlara maliyyə resursları da verir, təmin edir, onlar üçün qazanc mənbəyi yaradır. Yəni, bank sektoru bunu düzgün qiymətləndirməlidir və dövlətə minnətdar olmalıdır ki, bunlara bu qədər qayğı göstərir. Dövlət də, öz növbəsində, indi onlardan daha da fəal iş gözləyir”.

Dövlət başçısı həmçinin qeyd edib ki, bankların hansı həcmdə, hansı layihələrə kredit ayırması, bu kreditləri Bakıda və yaxud regionda verməsini hamı bilməlidir və bu barədə ona ildə iki dəfə məlumat verilməlidir: “Mən də, ictimaiyyət də görsün ki, bank sektoru ancaq öz cibini güdmür, eyni zamanda, ölkənin inkişafı üçün də fəal çalışır. Mən bir dəfə bu barədə demişəm, bir daha demək istəyirəm ki, biz banklardan sosial məsuliyyət gözləyirik. Eyni zamanda, bu gün Azərbaycanda elə gözəl biznes mühiti yaranıb ki, ölkəmizə qoyulan vəsait özünü doğruldacaq və doğruldur”.