“Bank VTB Azərbaycan” manatın kəskin ucuzlaşdırılmasından ən az itki ilə çıxan bank olacaq. Bunu fins.az-a açıqlamasında bankın İdarə Heyətinin üzvü, eləcə də Pərakəndə biznesin inkişafı departamentinin rəhbəri Tural Vəliyev deyib. Onun sözlərinə görə, devalvasiyanın banka nə qədər ziyan vurduğunu indi demək çətin olsa da, bu məbləğ az olacaq: “Bizin bankın xaricdən maliyyə asılılığı yoxdur. Vəsaiti “Bank VTB”-nin Rusiyadakı baş ofisindən cəlb edirik. Bu cür devalvasiya 6 ay bundan əvvəl Rusiyada da olub, müəyyən qədər bu prosesə hazır idik və valyuta riskləri bizim işimizdə əvvəlcədən nəzərə alınmışdı”.
Tural Vəliyev qeyd edib ki, hazırda bank həm manatla, həm rublla, həm də dollarla kredit verir: “Biz manatın ucuzlaşmasına baxmayaraq müştərilərimiz imkan yaratmışıq ki, istədikləri valyutada kredit götürsünlər. Yaxın vaxtlarda kreditlərin faiz dərəcəsinin artırılması da nəzərdə tutulmayıb”.