Azərbaycan banklarının valyuta riskləri arta bilər. Bu barədə fins.az “ANSPRESS”ə istinadən xəbər verir.
Azərbaycan Mərkəzi Bankının (AMB) banklara göndərdiyi məktubda qeyd edilir ki, bu ilin sonunadək açıq valyuta mövqeyi limitləri tətbiq edilməyəcək. Başqa sözlə, bundan sonra AMB bankların valyuta risklərini tənzimləməyəcək və onlara nəzarət etməyəcək.
Mütəxəssis Əkrəm Həsənovun fikrincə, AMB artıq valyuta risklərini tənzimləməyə qadir deyil. Deməli, qiymətlərin sabitliyininin təmin edilməsinə nail ola bilməyən AMB manatın və bank sisteminin gələcək taleyinə görə məsuliyyəti 1 il müddətinə təxirə salır. Bundan sonra bankların maliyyə risklərinə AMB nəzarət etməyəcək. Yəni, AMB bankların maliyyə ilə bağlı addımlarına qarışmayacaq.
Qeyd edək ki, açıq valyuta mövqeyi hər hansı valyutada tələblərin və öhdəliklərin fərqidir. Məsələn, bankın avroda borcu 10 milyon, verdiyi kreditlərin cəmi isə 8 milyondur. Yaxud əksinə, borcu 8 milyon, verdiyi kreditləri isə 10 milyon. Hər iki halda fərq var və bu fərq bankın məzənnə riskidir. AMB da bu fərqin maksimal həddini, yəni limitini müəyyən edir.
AMB sözügedən limitləri “Banklar haqqında” Qanunun 34.1 və 34.2.11-ci maddələrinə əsasən müəyyən etməli, banklar da onlara riayət etməlidir. Yəni limitlərin müəyyən edilməsi Mərkəzi Bankın vəzifəsidir.
AMB hələ 2001-ci ildə “Azərbaycan Respublikası müvəkkil banklarının açıq valyuta mövqeyi limitlərinin müəyyən edilməsi və tənzimlənməsi Qaydaları”nı qəbul edib, Ədliyyə Nazirliyi də həmin Qaydaları dövlət qeydiyyatına alıb.
Məsələ ilə bağlı AMB-nin mətbuat xidməti ilə əlaqə saxlanılsa, qeyri-iş günü olduğu üçün hər hansı bir məlumat verilməyib. Növbəti iş həftəsində bununla bağlı açıqlama veriləcəyi bildirilib.