Azərbaycan Mərkəzi Bankının məcmu kapital tələbi (50 milyon manat) ilə bağlı problemi olan “Azərbaycan Kredit Bankı” nizamnamə kapitalını daha 14,737 milyon manat artırıb. Fins.az-ın banka istinadən yaydığı məlumata görə, kapital artımına səhm emissiyası hesabına nail olunub. Hazırda bankın nizamnamə kapitalı təxminən 39,965 milyon manatdır.
Xatırladaq ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin bu il, yanvarın 19-da qeydə aldığı səhm emissiyasına görə, yanvarın 22-dən Bakı Fond Birjasında hərraca hər birinin nominal dəyəri 224 manat olan 173 min səhm çıxarılıb. Artıq həmin səhmlərdən 127390-ı bankın səhmdarları tərəfindən alınıb. Hazırda kapitalın artırılması prosesi davam edir. Yerləşdirmənin anderrayteri “Texniki Kapital Menecment” MMC-dir.