30 phrase_var_core.october

Bakıda “Azərbaycan investisiya forumu”-na start verilib

Bu gün Bakıda “PAŞA Bank”ın sponbsorluğu ilə “Azərbaycan İnvestisiya forumu” öz işinə başlayıb. Fins.az-ın məlumatına görə, tədbir “The Economist” beynəlxalq jurnalının təşkilatçılığı ilə keçirilir.
“Neft hüdudlarından kənar – real sektorun inkişafı” şüarı altında keçirilən foruma 150-dən artıq dövlət xadimi, beynəlxalq investor və iş adamları dəvət olunub. Müzakirələrdə Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Dövlət Neft Fondu (ARDNF), İqtisadiyyat və Sənaye Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi fondu (AZPROMO), “PAŞA Bank”, “Ernst Young”, “Holcim”, “BP” və sair bu kimi strukturların nümayəndələri iştirak edir.
Müzakirə panelləri çərçivəsində tədbir spikerləri Azərbaycan iqtisadiyyatının diversifikasiyası imkanları barədə, habelə, keçid dövrünün iqtisadiyyatı şəraitində müasir inkişaf meylləri və çağırışlar barədə fikirlərini bölüşəcək. Forum iştirakçıları, həmçinin, qeyri-neft sektorunun inkişaf perspektivlərini, ölkə iqtisadiyyatına neqativ xarici təsirin qarşısının alınması imkanlarını və hal hazırda digər aktual mövzuları müzakirə edəcəklər.
“PAŞA Bank”ın İdarə Heyətinin üzvü, Baş İnvestisiya Inzibatçısı Taleh Kazımov bildirib ki, Azərbaycan bu gün investisiyaların cəlb olunması baxımından regionun ən cəlbedici ölkələrindən biridir. Onun sözlərinə görə, ölkə qarşısında duran vacib məsələlərdən biri iqtisadiyyatın şaxələndirilməsidir ki, bu da hal hazırda uğurla həyata keçirilir:
“Bununla əlaqədar olaraq, bu cür tədbirlərin keçirilməsi əlverişli investisiya iqliminin daha da möhkəmləndirilməsi, beynəlxalq tərəfdaşlarla işgüzar münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı imkandır. Öz növbəsində, PAŞA Bank, real sektor üçün güclü və sabit tərəfdaş mövqeyindən çıxış edərək, qeyri-neft sektorunda biznesin inkişafını dəstəkləməklə, ölkə iqtisadiyyatının diversifikasiyasına öz töhfəsini verməyə hazırdır” – deyə Taleh Kazımov qeyd edib.