Azərbaycanda manatın kəskin ucuzlaşdırılması “PAŞA Bank”a təxminən 2 milyon manat ziyan vurub. Fins.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında bankın İdarə Heyətinin sədri Fərid Axundov deyib. Bununla belə, onun sözlərinə görə, bankın aktivlərinə və kapitalına nisbətdə bu itki elə də böyük məbləğ deyil.
Fərid Axundov konkret nisbət açıqlamasa da, bankın kredit portfelində manatın üstün olduğunu bildirib: “Bizdə xarici valyutada, o cümlədən dollarda verilmiş kreditlər əsasən beynəlxalq ticarət əməliyyatlarının maliyyətləşdirilməsinə yönəldilib. Ölkə daxilində krediti əsasən manatla veririk. Amma biz digər banklardan fərqli olaraq spekulyativ əməliyyatlara meyli deyilik və valyuta mövqeyimizi qapalı saxlayırıq. Buna görə də, vəziyyətdən minimum itki ilə çıxa bildik”.