Pakistan Milli Bankı Azərbaycanın qiymətli kağızlar bazarına investisiya yatıracaq. Bu barədə fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, bu məsələ Pakistan prezidenti Məmnun Hüseynin bir qədər əvvəl Azərbaycana etdiyi səfər zamanı müzakirə olunub.
Fond bazarına pul qoyuluşu Pakistan Milli Bankının Bakı filialının məcmu kapitalının AMB-nin tələbinə (50 milyon manat) uyğunlaşdırılması çərçivəsində reallaşacaq. Söhbət AMB-nin qısamüddətli notlarının və Maliyyə Nazirliyinin qısamüddətli istiqrazlarının əldə edilməsindən gedir.
Xatırladaq ki, 2014-cü ilin yekunlarına görə, Pakistan Milli Bankının Bakı filialının məcmu kapitalı 10 milyon 332 min manat olub.