Bu gün Azərbaycan Beynəlxalq Bankının (ABB) səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib. Bankdan fins.az-a verilən məlumata görə, yığıncaqda qurumun kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş 2014-cü ilin maliyyə hesabatı təsdiq edilib, İdarə Heyətinin (İH) təklifinə əsasən 2014-cü ildə əldə olunmuş 25,5 milyon manat məbləğində mənfəətin bölüşdürülməmiş mənfəət hesabında saxlanılması, həmçinin bankın nizamnamə kapitalının 200 milyon manat artırmaqla 890 milyon manata çatdırılması barədə qərarlar qəbul edilib.
Xatırladaq ki, bu günki iclasda Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsinə yeni təyinatın baş tutması gözlənilirdi. Amma bu məsələ təxirə salınıb.
Xatırladaq ki, ABB-nin İH sədri vəzifəsi bu il martın 18-də sabiq İH sədri Cahangir Hacıyevin səhhəti ilə əlaqədar işdən getməsindən sonra boş qalıb. Onun səlahiyyətlərini hazırda birinci müavin Emil Mustafayev icra edir.
Bu gün “PAŞA Bank”ın İdarə Heyətinin sədri Fərid Axundovun “Azərbaycan Beynəlxalq Bankı”nın İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması barədə xəbərlər yayılıb. Onun yerinə “Unibank”ın icraçı direktoru Cəlal Qasımovun, bu bankda boş qalmış posta isə Cəlal Qasımovun 1-ci müavini Xalid Əhədovun təyin olunduğu bildirilib.