30 phrase_var_core.october

“Devalvasiyadan itkisiz çıxdıq” – “Rabitəbank”

Azərbaycanda manatın kəskin ucuzlaşdırılması prosesindən “Rabitəbank” itkisiz çıxıb. Bunu fins.az-a açıqlamasında bankın Müşahidə Şurasının sədri Zakir Nuriyev deyib. Onun sözlərinə görə, bankın həm əmanət, həm də kredit porfeli şaxələndirildiyi üçün bank ciddi ziyan çəkməyib: “Doğrudur, manatla verdiyimiz kreditlərə görə dollara nisbətdə geri alacağımız məbləğ az olacaq. Amma biz bunu itki saymırıq. Çünki, manatla olan resurslarımızı manatla kreditlərin verilməsinə, dollarla olan resurslarımızı isə dollarla kreditlərin verilməsinə yönəltmişdik. Bu, xarici öhdəliklərimizə də aiddir. Biz onları da bazarda dollarla yerləşdirmişdik”.

“Müştərilərimizlə problemimiz yoxdur”

Zakir Nuriyev onu da deyib ki, Azərbaycan Mərkəzi Bankının müştərilərə güzəşt edilməsi barədə çağırışları, eləcə də vətəndaşların ödənişlərlə bağlı onlara müraciətləri nəzərə alınıb: “Biz müştərilərimizin müraciəti əsasında həm kreditlərin faiz dərəcələrini aşağı saldıq, həm də ödəniş müddətini uzatdiq. Bu baxımdan bizə problem yaradan və yaxud bizim problem yaratdığımız müştərimiz yoxdur”.

“İnkişaf planlarımıza yenidən baxacağıq”

Zakir Nuriyev devalvasiyanın bankın inkişaf planlarına təsirsiz ötüşməyəcəyini də deyib: “Tamamilə yeni şərait yaranıb. Biz də bu şəraitə uyğun olaraq öz inkişaf planlarımıza baxır və korrektələr edirik. Amma yeni filialların açılması məsələsi istisnadır. Bu istiqamətdə planlarımız dəyişməyəcək”.