Azərbaycanda manatın kəskin ucuzlaşdırılması əsasən dollarla kredit verən “Accessbank” üçün ciddi başağrıya çevrilib. Bu barədə fins.az bankın 2015-ci ilin 1-ci rübünün yekunlarına aid maliyyə hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, ilin ilk 3 ayının yekununda bankın kredit portfeli 925,3 milyon manat təşkil edib. Bunun isə 5,35%-i və yaxud 49,5 milyon manatı vaxtı keçmiş kreditlər olub.
Halbuki 3 ay bundan əvvəl bankın problemli kreditlərinin kredit portfelində payı heç 1%-ə də çatmırdı. 2014-cü ilin yekunlarına əsasən, bankın kredit portfeli 821,5 milyon manat təşkil edib. Bunun isə 0,92%-i və yaxud 7,6 milyon manatı vaxtı keçmiş kreditlər olub.
Göründüyü kimi, 1-ci rübdə bankın kredit portfeli cəmi 12,6% artdığı halda, problemli kreditləri 6,5 dəfə artıb. Belə görünür ki, dollarla kredit götürmüş müştərilər məzənnənin dəyişməsindən sonra banka ödəniş etməkdə çətinlik çəkirlər.