Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının mart ayında 1,5 milyard dollardan çox azalması narahatlıq doğurur. Bunu fins.az-a açıqlamasında iqtisadçı-ekspert Samir Əliyev deyib. Onun fikrincə, fevral ayında manatın kəskin ucuzlaşdırılması AMB-yə ehtiyatlarını qorumağa demək olar ki, kömək etməyib: “Köhnə məzənnənin qüvvədə olduğu fevral ayında valyuta bazarında 1,7 milyard dollara yaxın vəsait buraxılmışdı. Mart ayında bu rəqəm təxminən 150 milyon dollar azalıb. Mərkəzi Bank 1 ayda valyuta ehtiyatlarının 14%-ni, yəni 1/7 hissəsini itirib. Belə çıxır ki, indiki məzənnə ilə AMB-nin ehtiyatları 6 aya bəs etməlidir. Vəziyyətdən çıxış yolu yalnız devalvasiyadır. Çox güman ki, kəskin devalvasiyaya gedilməyəcək. Hazırda gedən yumşaq devalvasiya prosesi sürətləndirilə bilər. Yəni, hazırda 1 ABŞ dolları bir həftəyə 1 qəpik bahalaşırsa, tezliklə biz bu tempi 3 günə 1 qəpik, 2 günə 1 qəpik formasında görə bilərik. Bu gedişlə də ilin sonuna qədər 1 dollar azı 1,2 manata bərabər ola bilər”.