30 Oktyabr

Əmanət qoyuluşu 1 ayda 17%-ə yaxın azalıb

Bu ilin yanvar-fevral aylarının yekunlarına görə, Azərbaycan əhalisinin banklardakı əmanətləri 7 milyard 932,7 milyon manat təşkil edib. Bu barədə fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, bu yanvar ayının yekunu ilə müqayisədə 811,4 milyon manat çoxdur. Xatırladaq ki, fevralın 1-nə əmanətlərin məbləği 7 milyard 121,3 milyon manat təşkil etmişdi.
Əmanət qoyuluşu manatla artsa da, dollarla əksinə azalıb. Məsələ ondadır ki, yanvar ayının sonuna Azərbaycanda 1 ABŞ dolları 0,7844 manata bərabər olub. Başqa sözlə, əmanətlərin məbləği 9 milyard 79 milyon dollar təşkil edib.
Fevral ayının sonunda isə dolların məzənnəsi 1,0496 manata bərabər olub. Yəni, əmanətlərin məbləği 7 milyard 558 milyon dollar təşkil edib. Deməli, əmanətlər dollarla ifadədə 16,75% azalıb.