Avropa İttifaqı üçün prioritet enerji layihələrindən olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu boru kəmərləri zənciri Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunan təbii qazı Türkiyəyə və həmin ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan Cənub Qaz Dəhlizi vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır.
Azərbaycanın uğurlu layihələrindən biri olan Dövlət Neft Şirkətinin “Star” neft emalı zavodu da ötən il istifadəyə verilib.
Müəssisənin açılışı 2018-ci il oktyabrın 19-da Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə reallaşıb. SOCAR-ın 6,3 milyard dollar investisiyası hesabına tikilən “Star” zavodu Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan olunub. Cari ildən etibarən tam gücü ilə işləyəcək müəssisədə ildə 5 milyon ton dizel yanacağı, 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı,1 milyon ton qarışıq ksilen/reformat, mayeləşdirilmiş neft-qazı (LPG), neft koksu və kükürd istehsal ediləcək, 10 milyon ton xam neft emal olunacaq.
2018-ci il iyulun 18-də isə Prezident İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer”in polipropilen zavodu istifadəyə verilib. Müəssisədə homopolimer, zərbəyə davamlı sopolimer, statistiki so-polimer polipropilen məhsulları istehsal olunur.
Mütəxəssislərin hesablamalarına görə, Azərbaycanın neft-kimya sənayesində dövlət-özəl sektor tərəfdaşlığı üzrə yaradılan ilk şirkət olan “SOCAR Polymer”in fəaliyyəti Azərbaycanın qeyri-neft sektorunun ixrac gəlirlərini 19 faiz artıracaq.
Ölkənin nəqliyyat infrastrukturunun genişləndirilməsi və müasirləşdirilməsi dövlət başçısının apardığı iqtisadi siyasətin prioritet istiqamətlərindən biridir. Bununla bağlı görülən işlər, həyata keçirilən layihələr respublikanın ümumi inkişafını sürətləndirir.
Ötən il ərzində ölkənin avtomobil yollarının tikintisinə və saxlanılmasına 1,7 milyard manat vəsait yönəldilib, 2 min kilometrdən çox avtomobil yolu salınıb, 25 yolötürücüsü, 32 körpü və 4 tunel inşa edilib. Ümumilikdə isə 2004- cü ildən indiyədək 20 min kilometrə yaxın avtomobil yolu istifadəyə verilib. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarında yol infrastrukturunun keyfiyyətinə görə, Azərbaycan dünyada 34-cü yerdə qərarlaşıb.
Əhalinin rahatlığı ilə bərabər, istifadəyə verilən yol və körpülər bölgələrdə sahibkarlığın və turizmin inkişafını sürətləndirərək, iqtisadi canlanmaya zəmin yaradıb.
Ötən il Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan Ələt-Astara-İran İslam Respublikası avtomobil yolunun Astaraya qədər olan hissəsinin tikintisinin tamamlanması da əhəmiyyətli hadisə kimi yadda qalıb.
Yeri gəlmişkən, hesabat dövründə Azərbaycanın dəmir yollarının yenilənməsi də davam etdirilib. Bu müddətdə 220 kilometrlik əsaslı təmir işləri aparılıb, o cümlədən, Bakı-BöyükKəsik dəmir yolu xəttində 82,6 kilometr baş yol əsaslı təmiri başa çatdırılıb, xaricdən 56 müxtəlif təyinatlı lokomotiv alınaraq ölkəyə gətirilib.
Dövlət başçısının müvafiq tapşırığına uyğun olaraq, regionlarda turizmin inkişafına xidmət edəcək Ləki-Qəbələ dəmir yolu layihəsinin birinci mərhələsində artıq 14 kilometrdən çox yol çəkilib və hazırda işlər davam etdirilir.
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən hazırda davam etdirilən islahatların əsas hədəfi respublikada mövcud olan nöqsanları aradan qaldırmaq, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaq, insanların rifah halını yaxşılaşdırmaq, daha güclü, qüdrətli dövlət qurmaqdır.
Ölkə rəhbəri son çıxışlarında islahatların bundan sonra da davam etdirilməsi zəruriliyinə toxunub. Bildirib ki, Azərbaycan daha güclü olmalıdır. Ölkə qarşısında duran vəzifələrdən biri də iqtisadi gücü artırmaqdır və bu istiqamətdə işlər aparılır. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində işlər görülür. Biznes mühitinin yaxşılaşdırılması ilə bağlı müsbət nəticələr var. Dünya Bankının son “Doing Business” hesabatında Azərbaycan 32 pillə irəliləyərək 25-ci yerə layiq görülüb: “Biz bunu nəyin hesabına əldə etmişik? Ancaq islahatlar hesabına. İslahatlar davam etdiriləcək. Bu islahatlar nəticə verir. Biz islahat naminə islahat aparmırıq. Biz məqsədyönlü, düşünülmüş addımlar atırıq ki, ölkəmizin inkişafına yeni təkan verək, hələ də həll olunmamış problemləri həll edək, nöqsanları, xoşagəlməz halları, çatışmayan məqamları aradan götürək və bunu edirik”.
Bəli, respublikada iqtisadiyyatın davamlı inkişaf etdirilməsi və diversifikasiyası, qeyri-neft sektorunda rəqabətqabiliyyətli, eyni zamanda, ixracyönümlü, innovasiyalara əsaslanan yeni istehsal sahələrinin yaradılması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə bağlı kompleks islahatlar barədə sözügedən “Doing Business 2019” təhlilinə görə Azərbaycan hazırda dünyada 10 ən islahatçı ölkə sırasındadır. Bütün əldə edilən bu və ya digər uğurlar isə Azərbaycanda mənəvi abhavanın yaxşılaşmasını, dövlətə, onun rəhbərinə etimadın daha da artmasını şərtləndirir