Beynəlxalq iqtisadi əlaqələrin inkişafına təkan verəcək böyük layihələrin reallaşmasına öz töhfəsini əsirgəməyən Azərbaycan Avropanın enerji təminatında mövqeyini gücləndirməkdədir. Xüsusilə də Avropa ilə Asiyanı birləşdirən əlverişli geostrateji mövqedə yerləşməsi və zəngin karbohidrogen mənbələrinə malik olması ölkəmizin regionlararası iqtisadi əlaqələrin yaradılması və gücləndirilməsi baxımından geosiyasi və geoiqtisadi çəkisini də artırır. “Cənub Qaz Dəhlizi” layihəsinin inşasının istismara verilməsindən sonra isə Azərbaycanla “Köhnə dünya” arasında strateji siyasi-iqtisadi bağların daha da möhkəmlənəcəyi şübhə doğurmur.
Fevralın 20-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçiriləcək. Toplantıda “Cənub Qaz Dəhlizi” layihəsinə cəlb edilmiş dövlətlərin, eləcə də digər ölkələrin nümayəndələri, layihənin səhmdarlarının və beynəlxalq maliyyə qurumlarının təmsilçilərinin iştirakı nəzərdə tutulur. Avropa Komissiyasının büdcə məsələləri və insan resursları üzrə komissarı Günter Ottinger də toplantıda iştirak edəcək. Bundan başqa, iclasa Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, eləcə də ABŞ, layihə üzvü 7 ölkə, Balkan ölkələrinin yüksək səviyyəli hökumət nümayəndələri, iştirakçı şirkətlər və beynəlxalq maliyyə qurumlarının rəhbər şəxsləri də qatılacaqlar.
Xatırladaq ki, Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı isə keçən il fevralın 15-də keçirilmişdir. Qeyd etmək lazımdır ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının yaradılması təşəbbüsünü 2015-ci ildə Azərbaycan irəli sürmüşdü. Belə bir təşəbbüşün irəli sürülməsində əsas məqsəd layihədə iştrak edən tərəflərin səylərini əlaqələndirməkdən ibarət olmuşdu. Bu əməkdaşlıq formatı artıq özünü doğrultmuşdur. Belə ki, keçirilmiş toplantılar çərçivəsində aparlmış müzakirələr və qəbul olunmuş qərarlar “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla davam etdirilməsinə geniş zəmin yaratmışdır.
Ümumiyyətlə, Cənub Qaz Dəhlizi dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Cənub Qaz Dəhlizi dünya neft-qaz sənayesində bu vaxtadək olan ən mühüm və iddialı layihələrdən biridir. Bu, çox sayda müxtəlif maraqlı tərəfləri, o cümlədən 7 hökuməti və 11 şirkəti özündə əhatə edən mürəkkəb bir qurumdur. Cənub Qaz Dəhlizi ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək. Bu boru kəməri sistemi elə layihələndirilmişdir ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər. Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının ötən il keçirilmiş dördüncü toplantısındakı çıxışında bununla bağlı belə açıqlama vermişdi: “Cənub Qaz Dəhlizi cəlb olunmuş bütün ölkələrdə bir neçə milyardlıq investisiyalara yol açır. Bu, minlərlə yeni iş yeri deməkdir. Bu, təkcə enerji deyil, həm də nəqliyyat infrastrukturu, nəqliyyat infrastrukturuna investisiya yatırılması deməkdir. Cənub Qaz Dəhlizi marşrut boyunca yerləşən və Cənub Qaz Dəhlizinin üzvü olan ölkələrin bir çox hissələrinin qazlaşdırılmasına gətirib çıxaracaq. Bütün bunlar inkişaf, sabitlik, proqnozlaşdırılma imkanı deməkdir və əməkdaşlığa yol açır”.
Xatırladaq ki, ötən il may ayının 29-da rəsmi, siyasi və işgüzar dairələri təmsil edən çoxlu sayda xarici nümayəndələrin iştirakı ilə keçirilmiş Səngəçal terminalında “Cənub Qaz Dəhlizi” layihəsinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev CQD-nin siyasi, iqtisadi, geosiyasi və enerji təhlükəsizliyi aspektlərində verdiyi töhfəni dolğun şəkildə ifadə etmişdi. Ölkə başçısı bu dəhlizin Azərbaycanın ardıcıl və uzunmüddətli xarici siyasətinin birbaşa nəticəsi olduğunu vurğulamışdı. Nitqində Prezident İlham Əliyev belə bir məqamı da önə çəkmişdi ki, Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsidir. Onun icrasına 40 milyard dollardan çox sərmayə qoyulub. İndiki maliyyə böhranı şəraitində bir layihəyə bu dərəcədə kapital qoyulması onun iqtisadi əhəmiyyəti ilə yanaşı, siyasi və geosiyasi əhəmiyyətini də göz önünə çəkir. Burada, şübhəsiz ki, Azərbaycanın kifayət qədər qaz ehtiyatına malik olmasına olan inam da mühüm rol oynayıb. Belə ki, “Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Əminəm ki, bundan böyük həcmdə resurslarımız var. Gələcək kəşfiyyat və istismar işləri əminəm ki, bunu təsdiqləyəcək”. Qeyd etmək yerinə düşər ki, “Cənub Qaz Dəhlizi” QSC Azərbaycandan Avropaya təbii qazın çatdırılması üçün hazırda inşası davam edən, uzunluğu 3500 kilometrdən artıq olan və Avropa İttifaqı tərəfindən dəstəklənən Cənub Qaz Dəhlizi beynəlxalq qaz layihəsində Azərbaycanın maraqlarını təmsil edən şirkətdir. Xatırladaq ki, 2011-ci ildə Avropa İttifaqı ilə Azərbaycan Xəzər dənizindən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən birgə bəyanat – strateji enerji əməkdaşlığına dair memorandum imzalamış və bununla da “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması ilə bağlı tarixi addım atılmışdı. Bunun ardınca 2012-ci ildə Azərbaycan və Türkiyə hökumətləri arasında Trans-Anadolu (TANAP) təbii qaz boru kəməri sisteminə dair saziş, 2013-cü ildə isə Trans Adriatik Boru Xətti (TAP) layihəsi üzrə beynəlxalq saziş imzalanmışdı. TAP və “Şahdəniz” konsorsiumlarının imzaladığı sazişlə ilk dəfə olaraq Azərbaycan qazı Avropa bazarına birbaşa çıxış əldə etmişdir. Azərbaycanın liderliyi və beynəlxalq tərəfdaşları ilə birgə səyləri nəticəsində Cənub Qaz Dəhlizinin 4 komponenti – “Şahdəniz-2”, Azərbaycandan başlayaraq GürcüstanTürkiyə sərhədinə kimi uzanan Cənubi Qafqaz Boru Kəməri, Türkiyə ərazisindən keçən TANAP və Yunanıstan, Albaniya və İtaliyanı birləşdirən TAP-la bağlı prinsipial razılaşmalar əldə olunmuş və layihənin reallaşdırılmasına başlanılmışdı. Yüksək strateji əhəmiyyətli infrastruktur layihəsi kimi qiymətləndirilən Cənub Qaz Dəhlizinin istismara verilməsi Avropanın enerji təhlükəsizliyinə yeni elementlər gətirəcəyi gözlənilir. Mütəxəssislərin fikrincə, Cənub Qaz Dəhlizi Avropa ölkələrinin enerji təminatında yeni imkanlar açmaqla yanaşı, həm də qaz tədarükü mənbələrini şaxələndirməyə, yeni alternativ marşrutlardan istifadə olunmasına da şərait yaradacaqdır. Hazırda etiraf edilir ki, Avropanın enerji təminatında Azərbaycanın xüsusi çəkisi və strateji əhəmiyyəti getdikcə artır. Bu faktı Azərbaycanın təkcə enerji daşıyıcılarının tranziti üçün təhlükəsiz ölkə olması yox, həm də bunları hasil edən dövlət olması da təsdiqləyir. Dünyanın aparıcı ölkələrinin lider və hökumət başçıları, eləcə də tanınmış siyasi mütəxəssisləri Azərbaycanın Avropa üçün çox əhəmiyyətli ölkə olması barədə fikirlər səsləndirirlər. Ötən ilin avqust ayında Azərbaycana səfəri çərçivəsində iş adamları ilə görüşündə Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkel bildirmişdi ki, Azərbaycan Avropanın enerji təminatının şaxələndirilməsində Avropa İttifaqı üçün mühüm bir ölkədir. Qeyd etmək vacibdir ki, hazırda Avropa İttifaqı neftin 82 faizini, qazın 57 faizini idxal edir və bu göstəricilərə görə o, dünyada ilk yeri tutur. Hesablamalara görə, 2030-cu ilədək Avropa İttifaqının qaz tələbatı 700 milyard kubmetrədək artacaq. Digər tərəfdən, bu tələbatın idxal hesabına ödənməsi də getdikcə artacaqdır. Belə bir perspektiv fonunda Avropa İttifaqının Azərbaycanla enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq etməsi çox böyük strateji əhəmiyyət daşıyır. Nəzərə alsaq ki, Xəzər dənizinin təbii qaz ehtiyatları hazırda “Köhnə dünya” üçün alternativlik baxımından yeganə mənbə olaraq qalır, o zaman “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasının həyati əhəmiyyət daşıması barədə deyilənlər həqiqəti əks etdirir. Buna görə də, təsadüfi deyil ki, Cənub Qaz Dəhlizi Avropa və Xəzər regionu arasında enerji və nəqliyyat əlaqəsi yaradacaq yeni İpək Yolu rolunu oynayan vasitə kimi qəbul edilir.
Bir sözlə, “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasından sonra Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu əhəmiyyətli dərəcədə artacaq. Ən əsası, bu layihə ölkəmizin uzunmüddətli və dayanıqlı iqtisadi inkişafını təmin edəcəkdir. Bundan başqa, bu transregional qaz layihələrinin reallaşdırılması ölkənin qlobal iqtisadiyyatda mövqeyinin daha da gücləndirilməsinə müsbət təsir göstərəcək və Azərbaycanın təkcə enerji ixrac edən ölkə kimi deyil, həm də onu nəql edən və tranzit ölkə kimi əhəmiyyətini artıracaqdır. Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü çoxaspektli enerji siyasəti də məhz bu reallıqları özündə ehtiva edir.
Xalq qəzeti