30 Oktyabr

Kənd Təsərrufatında anomal hava şəraitindən sonra NƏTİCƏLƏR

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, yanvarın 17-dən 18-i səhərədək ölkə ərazisində hava şəraiti kəskin dəyişib. Yağış yağıb, bəzi yerlərdə sulu qara, qara keçib, bəzi şərq rayonlarında intensiv olub.

Dəyişən hava şəraiti fəsadları da özü ilə birgə gətirib. Belə ki, ötən həftə paytaxtda binalar, fərdi evlər, məktəblər güclü küləkdən ziyan görüb. Evlərin və obyektlərin damları uçub, dayanacaqların şüşələri sınıb, bəzi avtomobillərin üzərinə ağaclar aşıb.

Əlverişsiz hava şəraiti kənd təsərrüfatına necə təsir göstərib?

“Hazırda kənd təsərrüfatı fəaliyyətinin aktiv fazası deyil, bu səbəbdən hava şəraitinin kəskin pisləşməsinin aqrar sektora ciddi zərər vurduğunu düşünmürük” Bu açıqlamanı Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov Fins.az-a verib.

O bildirib ki, nazirliyin müvafiq qurumları hava şəraitinin kəskin pisləşdiyi dövrdə Dövlət Aqrar İnkişaf Mərkəzləri ilə mütəmadi əlaqə saxlayıblar. “DAİM-lər anomal hava şəraiti ilə əlaqədar monitorinqi davam etdirir. Yerlərdə fermer təsərrüfatlarına ziyan dəyməsi barədə məlumat daxil olmayıb. Eyni zamanda nazirliyin 1652 nömrəli Çağrı Mərkəzində də bununla bağlı zənglər qeydə alınmayıb”.

Ekspertlər qeyd edir ki, havaların bu cür qeyri-sabit keçməsi insan orqanizminə, xüsusən də metohəssas insanlara mənfi təsir göstərir. Hava dəyişkənliyinin xüsusən damarlarda, ürəkdə müəyyən problemlər yaratdığı bildirilir. Bəs bu cür hava şəraiti kənd təsərrüfatı üçün nə dərəcədə təhlükəli ola bilər?

Onların sözlərinə görə, təbiətin, bitkilərin oyanmasından sonra havanın kəskin surətdə dəyişməsi kənd təsərrüfatı məhsullarına zərər gətirir. Amma hələ o qədər kəskin soyuqlar düşməyib ki, kənd təsərrüfatı üçün təhlükəli olsun.