30 Oktyabr

Rusiyanın dollarsızlaşma siyasəti işə düşür

Fins.az "The Economist"ə istinadən məlumat verir ki, Mərkəzi Banklar xarici ehtiyatlarını idarə edərkən bir neçə amili – məsələn, sabitliyi, likvidliyi və gəlirliliyi nəzərə alır. Çoxları ehtiyatını dollarda saxlamağa üstünlük veyir. Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına əsasən, dünya valyuta ehtiyatının 62%-i ABŞ dollarının payına düşür. Bununla yanaşı, Rusiya Mərkəzi Bankı geosiyasi vəziyyəti də nəzərə almalıdır. Bu barədə Böyük Britaniyanın “The Economist” nəşrində dərc olunan redaksiya məqaləsində məlumat verilir. Yanvarın 9-u məlum olub ki, ötən yaz Rusiya Mərkəzi Bankı 101 milyard dollar məbləğində dollar ehtiyatını avro və yuan aktivlərinə keçirib. 2017-ci ilin sonuna olan məlumata əsasən, bankın 430 milyard aktivi dollardan ibarət olub. Cəmi altı ay sonra rus ehtiyatlarının artıq sadəcə 22%-i dollarda saxlanılıb, özü də təxminən yarısı Amerikadan xaricdə. Qəribədir ki, yuanla aktivlərin payı təxminən 15% yüksəlib. Bu, dünya mərkəzi bankları üçün orta statistik göstəricidən 10 dəfə böyükdür. Bu da Çinin rus iqtisadiyyatında artan rolundan xəbər verir. Dəyişiklik sanksiyalarla əlaqədar yaranmış yeni vəziyyət fonunda baş verib. Ötən ilin aprel ayı Tramp (Donald Trump) administrasiyası rus oliqarxlarına, o cümlədən Oleq Deripaska və Viktor Vekselberqə, onların səhmdar şirkətlərinə, habelə Deripaskaya məxsus “Rusal” alüminium şirkətinə məhdudlayıcı tədbirlər tətbiq edib. Bu addım bazarlara ciddi təsir göstərib, rublun dəyər itirməsinə səbəb olub. Amerikalı qanunvericilər yeni suveren borcların satışına qadağa da daxil olmaqla, tədbirləri sərtləşdirməklə təhdid edir. Bu isə Rusiyanın istiqraz bazarlarında imkanlarını xeyli məhdudlaşdıracaq. Hərçənd aktivlərin dondurulması Vaşinqtonda müzakirə edilən ən sərt tədbirləri üstələyəcək radikal eskalasiya anlamına gələr. “Renessans Kapital” investisiya şirkətindən Oleq Kuzminin sözlərinə görə, Rusiya Mərkəzi Bankı “portfelin ultra ehtiyatlı idarəetməsinə” ümid edir. Sanksiyaların sənayeyə təsirindən ehtiyatlanan Amerika rəsmiləri Deripaskanın şirkətini sanksiyalardan azad etməyi düşünür. Bir şərtlə ki, oliqarx aktivlərə nəzarətdən imtina edəcək. Lakin bu həftə Konqres bu addımı bloklamağa çalışıb. Mərkəzi Bankın qərarı, bəlkə də, Rusiyanın gələcək sanksiyalardan sığortalanma istəyinin ən açıq təzahürüdür. Prezident Vladimir Putin rus iqtisadiyyatının “dedollarizasiya” planını təsdiqləyib. Hökumət yerli şirkətləri başqa valyutalarda saziş imzalamağa həvəsləndirmək niyyətindədir. Amerikanın sanksiya siyahısına düşən “VTB” dövlət bankının başçısı Andrey Kostin Rusiya şirkətlərinin xarici birjalardan çıxmasına və “yerli” kotirovka siyahısına daxil olmasına israr edir. Şirkətlərin bir neçəsi artıq “dollarsız” suları yarıb keçməyə çalışıb. Avqustda almaz nəhəngi “Alrosa” elan edib ki, çin və hindistanlı müştərilərindən ödəmələri rublla qəbul edəcək. Noyabrda Rusiya Maliyyə Nazirliyi 2013-cü ildən bəri atmadığı bir addımı atıb, bir milyard avro dəyərində xarici borc istiqrazlarını yerləşdirib. Nəticə etibarilə dedollarizasiya planı bazar və iqtisadi reallıqlar ucbatından puç ola bilər. “ING” bankın iqtisadçısı Dmitri Dolgin hesab edir ki, Maliyyə Nazirliyinin Mərkəzi Banka olan valyuta öhdəliklərini ödəmək üçün ən azı 65 milyard dollar dəyərində dollar ehtiyatı lazım gələcək. Bundan başqa, rus iqtisadiyyatı əvvəlki kimi bir qayda olaraq dollarla satılan əmtəə məhsullarından asılıdır: ixracın 70%-i bu valyutanın payına düşür. Maliyyə Nazirliyinin hesabatına əsasən, rubl və yuanla əməliyyatların sayı artsa da, Çinlə ikitərəfli ticarətin dörddə üç hissəsi əvvəlki kimi dollarla həyata keçirilir. Ona görə dolların dominantlığına son qoymaq elə də asan olmayacaq.