Fins.az-ın "report"un analitik qupuna istinadən verdiyi məlumat görə ABŞ-ın Federal Ehtiyat Sisteminin Açıq Bazar Əməliyyatları Komitəsinin (Federal Open Market Committe – FOMC) noyabrın 8-də keçirilmiş növbəti iclasında uçot dərəcəsi dəyişdirilməyərək 2-2,25% səviyyəsində saxlanıldı. Komitənin hesabatına istinadən xəbər verir ki, buna səbəb ölkənin əmək bazarında məşğulluqla bağlı vəziyyətin yaxşı, iqtisadi artımın qaneedici səviyyədə, illik inflyasiyanın isə hədəf kimi müəyyən edilmiş 2% həddində olmasıdır. FOMC mandatına uyğun olaraq əhalinin məşğulluğunu və iqtisadi artımı maksimum təmin etməyə, qiymətləri sabit saxlamağa çalışır. Qurumun üzvlərinin fikrincə, iqtisadi risklər, təxminən, balanslı görünür. Gələcəkdə də faizlərə baxılarkən qeyd olunan amillər nəzərə alınacaq. Analitik qrup hesab edir ki, Komitənin gələn ay keçiriləcək iclasında uçot dərəcəsinin artırılması ehtimalı kifayət qədər yüksəkdir. Bunun üçün ciddi iqtisadi əsaslar var. İlk növbədə, ABŞ-da işsizlik səviyyəsi son 4 il üzrə minimal səviyyəyə - 3,7%-ə düşüb. Bundan başqa, bu ilin II rübünün yekununda ölkə iqtisadiyyatı 4,2%, III rübün yekununda isə 3,5% böyüyüb. İlin sonunda isə iqtisadi artım göstəricisinin 3,15% olması proqnozlaşdırılır. Tempin azalmasına baxmayaraq, bunlar kifayət qədər yaxşı göstəricilərdir. Üstəlik, ABŞ-da əmək haqlarının artımı ilə bağlı da vəziyyət pis deyil. Ölkədə maaşların orta həddinin illik artım tempi 3,1%-ə yüksəlib. Bütün bunlar qiymət artımını stimullaşdıran amillərdir və FED-ə narahatlıq keçirmədən faiz artımına getməyə imkan verir.