ABŞ-la Çin arasında ticarət müharibəsinin kökü bir neçə il əvvələ gedib çıxır.
ABŞ-ın əvvəlki prezidentlərinin qəbul etdiyi bır sıra qərarlardan sonra indiki dövlət başçısı Donald Trampın səsləndirdiyi bəyanatlar və ölkənin ötən ilin yanvar ayında Çinlə münasibətlərdə balansı qoruyan Sakit Okean Tərəfdaşlıq Müqaviləsindən (Trans-Pacific Partnership) çıxması sonda iki ölkə arasında müharibəyə səbəb oldu.
Bu baxımdan, ABŞ prezidentinin keçən ilin mart ayında polad və alüminium idxalına vergi tətbiq edilməsinə dair ilk bəyanatı çox önəmlidir. Bununla D.Tramp təkcə Çini və Avropa İttifaqı (Aİ) ölkələrini deyil, həm də qonşu Kanada və Meksikanı, eləcə də digər Latın Amerikası ölkələrini hədələdi. Son bəyanatlara gəldikdə isə, onların artıq iqtisadi nəticələri var, üstəlik, diplomatik nəticələri də olacaq.
Qeyd edək ki, Çinin ABŞ-a ixrac etdiyi məhsulların dəyəri ABŞ-dan idxal etdiyi məhsulların dəyərindən 4 dəfə azdır. Beləliklə hazırda ABŞ-ın xarici ticarət dövriyyəsində 800 mlrd. dollarlıq mənfi saldo var ki, bunun da 375 mlrd. dolları Çinlə idxal-ixrac əməliyyatlarının hesabına formalaşıb. ABŞ Çin istehsalı olan 1 300 adda məhsulun idxalına 10% gömrük rüsumu tətbiq etməklə xarici ticarət balansındakı kəsiri aradan qaldırmağa çalışır. Amma Çin də “yerində saymır”. Bir neçə gün bundan əvvəl Şərqi Asiya ölkəsi bəyan edib ki, ABŞ-dan idxal 60 mlrd. dollarlıq olunan məhsula ilk öncə 5%, daha sonra isə 10% vergi tətbiq ediləcək. Bununla da tərəflər arasında gərginlik daha da artıb və ticarət müharibəsi 2-ci mərhələyə qədəm qoyub.
Bu müharibə daha çox siyasi xarakter daşıyır, yəni “rəqəm müharibəsi”dən çox “söz müharibəsi”dir. Amma onun amerikalıların həyat tərzinə ciddi mənfi təsiri gözlənilmir. Sadəcə, ABŞ yerli şirkətləri Çin mallarından qorumaq istəyir və onların mövqeyinin dünya bazarında olduğu kimi, yerli bazarda da zəifləməsini istəmir. ABŞ-ın vergi tətbiq etmək istədiyi məhsullara nəzər yetirsək, görərik ki, bura elektrik malları (soyuducu, tozsoran, paltaryuyan və s.) ilə yanaşı, geyim malları, o cümlədən ayaqqabılar daxildir. Həmin ayaqqabılar isə Çində istehsal olunsa da, Amerika brendləridir.
Emmanuel Dupuy, Fransanın Avropada Prospektiv və Təhlükəsizlik İnstitutunun Prezidenti, Avropada təhlükəsizlik və beynəlxalq münasibətlər üzrə ekspert
ABŞ-ın Çinə qarşı hədə-qorxuları həm də Çinlə ticarət əlaqələri olan digər Asiya ölkələrinə, eləcə də Yaponiya, Cənubi Koreya və İrana da aiddir. Son vaxtlar Asiya ölkələri arasındakı əməkdaşlığın gücləndiyi, bir "yaxınlığın" baş qaldırdığı hiss olunur. ABŞ prezidentinin hədə-qorxularına münasibətdə isə "pərişanlıq”dan əsər əlamət yoxdur. Çinlilər getdikcə daha çox Şərq ölkələrinin iqtisadiyyatına üz tutur ki, bu da hansısa formada ABŞ-ın hədələrinə cavabdır.
Avropanın qarşısında isə iki yol var: bu vəziyyədən öz mənafeyi üçün bəhrələnmək və yaxud ABŞ-ın mövqeyini müdafiə etmək. Hələ ki, avropalılar bir sıra məhsullara, xüsusilə aliminium və poladın idxalına gömrük rüsumlarını 25% artırıblar, Çini isə oxşar tədbirlərlə hədələyib ki, bu da üçtərəfli gərginlik yaradıb. Lakin Aİ ABŞ-dan fərqli olaraq Çinlə birbaşa qarşıdurmaya girməkdən çəkinir. Rəsmi Brüssel Vaşinqtonu vergiləri artırmaqda dəstəkləyə də bilmir, çünki, o, özü bu artımın qurbanıdır.
ABŞ-Çin ticarət müharibəsində 3-cü mərhələ ABŞ-ın bəyan etdiyi kimi Çindən idxal olunan 200 mlrd. dollarlıq müxtəlif mallara qarşı yeni rüsumlar tətbiq etməsi ola bilər. İlkin mərhələdə 10% həddində nəzərdə tutulmuş rüsumların gələn il əvvəlindən 25%-ə çatdırılacağı bildirilir. Bu baş verərsə, ticarət müharibəsi təhlükəli həddə çatmış olacaq və artıq ikitərəfli deyil, çoxtərəfli xarakter daşıyacaq. Dünya ölkələri iki tərəfdən birinin mövqeyini dəstəkləməli, ABŞ və Çin arasında seçim etməli olacaq.