30 Oktyabr

Aldanmış turisti sığorta necə qoruyur?

Tez-tez adına rast gəldiyimiz sığorta növlərindən biri də turizm sığortasıdır.

Səyahət edən insanların bəziləri bu sığorta növü haqqında məlumatlı olsalar da, böyük əksəriyyət üçün sığortanın nələrə şamil olunduğu aydın deyil. Çox vaxt xarici ölkəyə gedən turist sığortanın onu hansı hallarda qoruyacağından xəbərsiz olur. Turizm sığortası bir turisti hansı hallarda vəziyyətdən çıxara bilər? Məsələn, aeroportda yükünü itirən və ya fırıldaqçı taksi sürücüsü ilə qarşılaşan turist sığortadan yararlana bilərmi?

Bu suallarla sığorta üzrə ekspert Elçin Eyvazova müraciət etdik. Ekspert Fins.az-a bildirib ki, xaricə səfərlərə gedən şəxslər özlərini və ailə üzvlərini bu sığorta növü ilə sığortalatdıra bilərlər. Xarici ölkələrin səfirlikləri, konsulluqları və digər diplomatik nümayəndəlikləri tərəfindən vətəndaşlardan viza sənədlərinin rəsmiləşdirilməsi zamanı tələb etdikləri bu sığorta, xaricdə olduqları dövrdə sığorta olunmuş şəxslərə bədbəxt hadisə, baqajin itməsi, ani və qəfildən meydana gələn xəstəliklər nəticəsində tələb olunan xərclərin ödənilməsinə sığorta şəhadətnaməsinin şərtlərinə uyğun təminat verir. Belə hallar baş verdikdə ilkin olaraq müştəri şəhadətnamədə göstərilən əlaqə nömrəsinə zəng vurub həmin şirkəti (partnyor şirkəti) məlumatlandırmalıdır. Şərtlərə əsasən ilkin olaraq həmin şirkət yardımçı olacaq.

Müəllif: Tuncay Türbəndəzadə