Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri tam bir sistem kimi 2006-cı il iyulun 13-də istifadəyə verilmişdir. Bu münasibətlə Ceyhan şəhərində keçirilən təntənələrdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin və Gürcüstanın dövlət başçıları, digər ölkələrdən gəlmiş rəsmi qonaqlar iştirak etmişlər. Həmin vaxtdan indiyədək BTC ahəngdar işləyərək Azərbaycan neftini təhlükəsiz şəkildə dünya bazarlarına çatdırır.
BTC-nin maraqlı salnaməsi var. Müəllifi ümummilli lider Heydər Əliyev olan layihənin reallaşmasına, yəni, kəmərin çəkilməsinə razılıq 1999-cu il noyabrın 18-də İstanbul sammitində əldə olunmuşdur. BTC qarşısında yaşıl işıq yandıran sənəd məhz həmin gün beş ölkənin - Azərbaycanın, Gürcüstanın, Türkiyənin, ABŞ-ın və Qazaxıstanın dövlət başçıları tərəfindən imzalanmışdır.
Lakin kəmərin tikilməsi ideyası yaranan gündən həm Azərbaycanın daxilində, həm də xaricində bu işə maneə törətmək istəyən qüvvələr baş qaldırmışdı. Onlar müxtəlif bəhanələr gətirirdilər. Bəziləri deyirdi ki, Azərbaycanın bu boru xəttini doldurmaq üçün kifayət qədər nefti yoxdur. Bəziləri iddia edirdi ki, BTC heç vaxt gəlirlə işləyə bilməyəcək. Kəmərin seysmik cəhətdən riskli zonalardan keçəcəyini bəhanə edənlər, boru xəttinin ekologiyaya ziyan vuracağını söyləyənlər də var idi. Halbuki bütün bunları söyləyənlərin dedikləri sahələr barədə geniş anlayışları yox idi.
Ümummilli lider Heydər Əliyev isə BTC-yə Azərbaycanın gələcəyini düşünərək böyük ümid bəsləyir və onun gerçəkləşəcəyinə dərin inamını bildirirdi.
2002-ci il sentyabrın 18-də Bakı yaxınlığındakı Səngəçal terminalında kəmərin təməli qoyuldu. BTC artıq reallaşmaqda idi. Lakin layihənin Azərbaycanın xaricindəki və daxilindəki bədxahları yenə də rahatlıq tapa bilmir, tikintiyə əngəl törətmək istəyirdilər. Məsələn, bir sıra QHT-lər BTC-yə mane olmaq məqsədilə növbəti bəhanə uydurdular. Kəmərin Gürcüstanın “Borjomi” mineral su mənbəyinə ekoloji zərbə vuracağı fikrini ortaya atdılar. Onlar layihənin Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi sənədlərinin imzalanmasını gecikdirməyə cəhd edirdilər. Bir sıra qruplar isə layihəni maliyyələşdirəcək beynəlxalq qurumların ofisləri qarşısına toplaşaraq kəmərin çəkilişinin irəliləməsinə əngəl törətməyə can atırdılar.
Maneələr çox idi. Təsadüfi deyil ki, 2003-cü ilin fevral ayında Vaşinqtonda keçirilən “Şərq-Qərb enerji dəhlizi reallıqdır” beynəlxalq konfransında iştirak edən ümummilli lider bu məsələni gündəmə gətirdi. Konfrans öz işini davam etdirdiyi günlərdə ulu öndər Beynəlxalq Maliyyə Korporasiyasının, BTC-yə kredit verəcək digər qurumların rəhbərləri ilə görüşüb söhbətlər apardı. Beləliklə, Heydər Əliyevin dünyadakı hörmət və nüfuzu layihəni bu çətinlikdən də çıxardı.
2004-cü ilin fevral ayında Bakıda, “Gülüstan” sarayında Prezident İlham Əliyevin iştirakı ilə BTC-nin maliyyələşməsinə aid son sənədlər imzalandı və bununla da problem tamamilə həll olndu.
2005-ci ilin may ayında Səngəçal terminalından kəmərə ilk neft vuruldu. Bir il yol gedən Azərbaycan nefti Ceyhana 2006-cı il mayın 28-də çatdı. İyunun 4-də BTC-nin həmin neftlə yüklənmiş ilk tanker Ceyhan limanından dünya bazarlarına yola salındı. Kəmərin tam bir sistem kimi işə düşməsi isə iyulun 13-də qeyd olundu.
Bu il mayın 29-da Səngəçal terminalında “Cənub qaz dəhlizi”nin rəsmi açılış mərasimindəki nitqində Prezident İlham Əliyev həmin tarixi hadisəni - BTC-nin işə düşməsini xatırladaraq demişdir: “Bu kəmər 2006-cı ildə istifadəyə verildi və bu gün Azərbaycan xalqına, bütün dost ölkələrə xidmət edir. Bu gün Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə nəinki Azərbaycan nefti, eyni zamanda, digər ölkələrin nefti də nəql edilir. Xəzərin şərq sahilində digər ölkələr tərəfindən hasil edilən neft artıq bu kəmər vasitəsilə dünya bazarlarına çıxarılır. Azərbaycan bu gün, eyni zamanda, etibarlı tranzit ölkə kimi qonşu ölkələrə öz imkanlarını təqdim edir”.
BTC fasiləsiz olaraq Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlarından çıxarılan nefti etibarlı şəkildə Səngəçaldan Ceyhana çatdırır. Kəmərə həmçinin “Şahdəniz” yatağından hasil edilən kondensat vurulur. Bu kəmər müəyyən həcmdə Türkmənistan və Qazaxıstan nefti də nəql edir.
BTC nəhəng kəmərdir, Azərbaycanın, Gürcüstanın və Türkiyənin ərazisində 1768 kilometr məsafə qət edir. Boru kəmərinə yerüstü obyektlər sistemi də daxildir. Bu, 2 terminal, 8 nasos stansiyası, 101 siyirtmə məntəqəsindən ibarətdir. BTC-nin birinci və baş nasos stansiyası Səngəçal terminalında yerləşir. Azərbaycandakı ikinci nasos stansiyası Yevlax rayonundadır. Kəmərin Gürcüstanda da iki stansiyası var. Qalan dörd stansiya Türkiyə ərazisindədir.
Əvvəlcə gündə 1 milyon barel neft ötürmək gücündə layihələndirilən kəmərin nəqletmə qabiliyyəti sonralar 20 faiz də artırılıb. İndi BTC 1,2 milyon barel gündəlik ötürücülük gücünə malikdir.
BTC böyük gələcəyə hesablanmış layihədir. Kəmərin ixrac etdiyi neftdən əldə olunan gəlirlər hesabına Azərbaycanda bir çox infrastruktur qurulub və sosial layihələr həyata keçirilib. Məsələn, su kəmərləri çəkilib, suvarma kanalları tikilib, məcburi köçkünlər üçün qəsəbələr salınıb, ekoloji və bir sıra digər problemlər həll olunub.
Bakı-Tbilisi-Ceyhan kəməri bir sıra önəmli layihələrə də yol açıb. Bu kəmər ilk dəfə Xəzərlə Aralıq dənizi arasında körpü salıb. Beləliklə, Azərbaycandan Avropaya uzanan geniş bir enerji dəhlizi formalaşıb. Bir sözlə, vaxtilə BTC kəməri çəkilməsəydi, bu gün “Cənub qaz dəhlizi”ni açmaq mümkün olmazdı.
Əgər 1994-cü ildə bir ixrac kəmərimizin belə, olmadığını o zaman Bakı-Novorossiysk xəttinin isə sıradan çıxdığını xatırlasaq, ötən illər ərzində görülmüş işlərin miqyası daha aydın görünər. İndi bizim Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi kəmərlərimiz var. Təsadüfi deyil ki, bu, Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da vurğulanıb.
Azərbaycan dövləti neftdən əldə olunan gəlirlərdən səmərəli istifadə edərək geniş nəqliyyat infrastrukturu, beynəlxalq nəqliyyat bağlantıları da yaradıb. İndi Azərbaycan dünyada həm də önəmli tranzit ölkə kimi tanınır.
Prezident İlham Əliyev hələ 12 il əvvəl Ceyhanda BTC-nin tam sistem kimi istifadəyə verilməsinin mühüm əhəmiyyət daşıdığını qeyd edərək demişdir: “Bu kəmərin fəaliyyətə başlaması ilə Azərbaycanın qarşısında yeni üfüqlər açılır, yeni imkanlar açılır. Azərbaycan iqtisadi cəhətdən çox zəngin ölkəyə çevriləcəkdir. Ölkədə bütün sosial probelmlər öz həllini tapacaqdır. Azərbaycan çox önəmli neft ixrac edən ölkəyə çevrilir. Əminəm ki, neftdən əldə olunan gəlirlərdən istifadə edilməklə Azərbaycanda bütün sosial məsələlər qısa müddət ərzində öz həllini tapacaq və Azərbaycan dünya iqtisadiyyatına daha inamla inteqrasiya edəcəkdir”.
İndi bunlar həqiqətə çevrilib və illər keçdikcə BTC daha böyük əhəmiyyət kəsb edir. Bu kəmərin uğurlu fəaliyyəti Azərbaycanın yeni neft strategiyasının təntənəsi və həmin strategiyanın daha qlobal layihələrlə zənginləşdirilməsinin təsdiqidir.
“Azərbaycan” qəzeti