30 Oktyabr

Azərbaycan sığorta bazarı illər üzrə necə dəyişib? -TƏHLİL

Fins.az 2012-2017-ci illərin statistik nəticələrinə əsasən sığorta bazarı ilə bağlı təhlil aparıb. Statistika göstərir ki, son 6 ildə sığorta bazarı üzrə yığımlar 63,4% artıb. Belə ki, ümumi şirkətlər üzrə yığımların həcmi 2012-ci ildə 340,8 milyon manat olubsa, 2017-ci ildə bu rəqəm 556,8 milyon manata qədər yüksəlib. Maraqlıdır ki, sığorta yığımları yalnız 2013-cü ildə 284,3 milyon manata düşüb. Amma iqtisadi durğunluq illəri hesab edilən 2015-2016-cı illərdə artım davam edib. Sığorta ödənişlərinin artım dinamikası daha yüksək olub -2.9 dəfə. 2012-ci ildə ümumi bazar üzrə sığorta ödənişlərinin həcmi 88,3 milyon manat təşkil edibsə,2017-ci ildə ödənişlərin həcmi 257,1 milyon manata yüksəlib.

Yığımlara nisbətən ödənişlərin artım dinamikasının daha yüksək olması zərərlilik göstəricisini də illər üzrə artırıb. Sığorta şirkətləri 2012-ci illə müqayisədə 2017-ci ildə yığımlarının daha böyük hissəsini ödənişlərə yönəldiblər. Başqa sözlə, 2012-ci ildə toplanan hər 100 manatdan 25,2 manatı ödəniş yönəldilibsə, 2017-ci ildə bu rəqəm 46,2 manata qədər yüksəlib.