30 Oktyabr

Azərbaycan sərmayəsinin sorağı getdikcə daha çox ölkədən gəlir - TƏHLİL

24 il əvvəl imzalanan “Əsrin müqaviləsi” ilə Azərbaycan dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdirdi. Dünyanın 11 tanınmış neft şirkəti konsorsium yaradaraq Xəzərin Azərbaycan sektorundakı karbohidrogen mənbələrinin işlənməsi üçün sərmayə yönəltdi. Bu həm də ölkə iqtisadiyyatının dünyaya inteqrasiyasının bünövrəsinin yaranması demək idi.

Hazırda Azərbaycanın quruda və dənizdə yerləşən əməliyyat sahələrində 17 layihə üzrə imzalanmış Hasilatın Pay Bölgüsü Sazişi müvəffəqiyyətlə həyata keçirilir. Xarici tərəfdaşlarla birgə 35 müəssisə, 6 alyans, müxtəlif ölkələrdə çoxsaylı törəmə şirkət yaradılıb. Onlar müasir neft-qaz sənayesinin, demək olar ki, bütün sahələrində fəaliyyət göstərirlər. Neft-qaz sektorunda başlanan əməkdaşlıq, tərəfdaşlıq və iş birliyi artıq getdikcə iqtisadiyyatın daha geniş sahələrini əhatə edir.

İndi Azərbaycanın özü dünyanın bir çox ölkələrində sərmayə qoyaraq müvafiq işlər apararaq investisiya yönəldilən ölkədən investor ölkəyə çevrilib. Başqa sözlə, 24 il əvvəl iqtisadiyyatına, ilk növbədə, neft-qaz sənayesinə xarici sərmayə cəlb etməyə çalışan Azərbaycan indi Türkiyə, Gürcüstan, Ukrayna, Rumıniya, İsveçrədə sərmayələr yatırır.

Məsələn, SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Türkiyədə mühüm layihələr həyata keçirir. Qardaş ölkənin bu sektorda yeganə istehsalçısı olan “Petkim” şirkətin idarəçiliyində uğurlu nəticələr qazanır. 15 zavod, 6 köməkçi infrastruktur və ildə 3,6 milyon ton istehsal gücünə malik “Petkim”in əsas hədəfi istehsalat və xidmət keyfiyyətinin yüksəldilməsindən, istehlakçıların artan tələbatlarının vaxtında təmin edilməsindən ibarətdir. Dinamik inkişafda olan Türkiyə neft-kimya bazarında “Petkim”in payını 30 faizədək artırmaq məqsədilə neft emalı-neft kimyası-enerji-logistika-distribusiya zəncirindən ibarət geniş bir inteqrasiya layihəsinə start verilmişdir. Layihə 2023-cü ildə başa çatdırılmalıdır.

İnteqrasiya şəbəkəsinin əsas elementini illik emal gücü 10 milyon ton həcmində nəzərdə tutulan “STAR” neft emalı zavodu təşkil edir.

Zavod ilk növbədə, “Petkim”i xammalla (yüngül və ağır nafta ilə) təmin etmək üçün inşa olunur. “STAR”ın Azərbaycan iqtisadiyyatına ilk 5 ildə hər il 614 milyon, növbəti 10 il ərzində isə hər il 864 milyon dollar həcmində gəlir gətirəcəyi gözlənilir.

“STAR” Türkiyədə ilk “Strateji İnvestisiya Təşviq Sənədi” verilən layihədir. Zavod regionda Azərbaycan iqtisadiyyatının nüfuzunu artıracaq, Aralıq dənizi bazarında mövqelərimizi xeyli möhkəmləndirəcək.

Hazırda görülən işlərlə yanaşı, “Petkim” və “STAR” zavodunu elektrik enerjisi ilə fasiləsiz təmin edəcək külək enerji stansiyası tikilir. Stansiyanın quraşdırılması üçün 2014-cü ildə Alstom firması ilə müqavilə imzalanıb.

İnteqrasiya zəncirində vacib halqalardan birini təşkil edən konteyner limanının inşası üzrə Hollandiyanın “APM Terminals” şirkəti ilə əməkdaşlıq uğurla davam edir. Müqaviləyə əsasən, liman 28 il müddətində bu şirkət tərəfindən idarə olunacaq. Egey bölgəsinin ən böyük konteyner limanı olan “Petkim”in inşası keçən il yekunlaşıb. Bu layihənin potensialı 1,5 milyon standart konteyner təşkil edir. “Petkim”in davamlı inkişafı məqsədilə həyata keçirilən investisiya layihələri “SOCAR-Türkiyə Enerji” şirkətini bütövlükdə regionun ən böyük neft-kimya, logistika, konteyner, limançılıq və distribusiya komplekslərindən birinə çevirəcək.

Göründüyü kimi, Azərbaycan iqtisadiyyatının investisiya proqramlarının həyata keçirilməsi və bu yolla xarici ölkələrlə məhsuldar iqtisadi əlaqələrin qurulmasında neft-qaz sektoru mühüm rol oynayır.

Gürcüstanda Kulevi “Black Sea” terminalı Qara dənizdə strateji mövqe qazanmışdır. İldə 10 milyon ton neft və neft məhsullarının nəqlinə imkan verən terminalla Azərbaycan və Xəzər hövzəsindəki digər istehsalçı ölkələrin yükünün daşınması həyata keçirilir. İndiyədək buradan milyonlarla ton neft və neft məhsulları ötürülmüşdür.

Azərbaycan Gürcüstanın regional qaz təchizatında və neft məhsullarının pərakəndə satış bazarında da əhəmiyyətli yer tutur. Bu qurum ardıcıl olaraq “İlin ən yaxşı şirkəti” adına layiq görülür. “SOCAR Georgia Gas” MMC Gürcüstanda on minlərlə abonentə xidmət edir. Gürcüstanda “SOCAR” brendi ilə 115 yanacaqdoldurma stansiyası fəaliyyət göstərir. Gələcəkdə bu ölkədə şəbəkənin daha da genişləndirilməsi nəzərdə tutulur.

İsveçrədə treydinq şirkətinin yaradılması da qabaqcıl beynəlxalq neft şirkətlərinin təcrübəsinə uyğundur və ölkəmizdə həyata keçirilən iri neft-qaz layihələrində Azərbaycanın payına düşən mənfəət neftinin əhəmiyyətli dərəcədə artmasından, həmin həcmlərin səmərəli şərtlərlə satışının təşkil olunması zərurətindən irəli gəlmişdir.

İsveçrə, Rumıniya və Ukraynanın pərakəndə neft məhsullarının satışı bazarlarında da Azərbaycanın yeri möhkəmlənib. Hazırda “SOCAR” brendi ilə İsveçrədə, Ukraynada və Rumıniyada ümumilikdə 260-dan çox yanacaqdoldurma stansiyası fəaliyyət göstərir. Tətbiq olunan innovativ metodlar Avropa alıcılarının rəğbətini qazanmışdır. Azərbaycan beynəlxalq bazarlarda iştirak payını və coğrafiyasını bundan sonra da genişləndirməkdə maraqlıdır.

“Azərbaycan” qəzeti