30 Oktyabr

Azərbaycanda fındıqçılığın inkişafının Türkiyə bazarına təsiri – ANALİTİKA

Fındıqçılıq qeyri-neft sektoru üzrə ölkəmizə valyuta gətirən əsas sahələrdən biridir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesablamalarına görə, Azərbaycan fındıq istehsalı üzrə dünyada dördüncü ölkədir.

2001-ci ildə 15 945 ton fındıq istehsal edilibsə, 2016-cı ildə bu rəqəm 34 270 tona çatıb. Qeyd edilən dövrdə fındıq bağlarının sahəsi də 2 dəfə artıb. 2000-ci ildə 16 721 hektar bar verən fındıq bağı vardısa, sahələr genişləndirilərək 2016-cı ildə 31 814 hektara çatdırılıb. 2017-ci ildə isə ölkədə 35 min ton fındıq istehsal olunub. Əldə edilən məhsulun 90 faizi xaricə ixrac edilib. Nəticədə Azərbaycana 100 milyondan çox valyuta gətirilib.

Son illərdə Azərbaycanda fındıqçılığın daha da inkişaf etdirilməsi üçün kompleks tədbirlər görülür. Fındıq istehsalçılarına dövlət tərəfindən 10 milyon manatdan çox güzəştli kreditlər verilib.

Türkiyənin iqtisadi araşdırma mərkəzləri vurğulayır ki, son illərdə xarici bazarlarda fındıq qiymətlərinin bahalaşması və Azərbaycan kimi ölkələrdə istehsal xərclərinin aşağı olması nəticəsində fındıq istehsalı genişlənir. Bundan başqa, türkiyəli mütəxəssislər bildirirlər ki, şokolad sənayesində fəaliyyət göstərən firmalar da xam maddə xərclərini azaltmaq məqsədi ilə Azərbaycan və Gürcüstanda fındıq yetişdirilməsini təşviq edərək Türkiyənin bazardakı fəaliyyətini azaltmağı hədəf seçirlər.

Son 10 ilin hesablamalarına görə, 700 min hektar ərazidə fındıq ağacları əkilmiş Türkiyədə illik fındıq istehsalı 550 min ton səviyyəsindədir. İstehsal dəyərinin isə 3,5 milyard dollar olduğu bildirilir. İtaliya, İspaniya, Azərbaycan, Gürcüstan, ABŞ və digər ölkələrin ümumi fındıq istehsalı Türkiyə istehsalının təxminən 30 faizi qədərdir.