Aqroparklar biznes modeli olaraq ilk dəfə Niderland Krallığında yaranıb. Aqropark dedikdə kənd təsərrüfatı məhsullarının istehsalını, emalını, logistikasını və digər xidmətləri əhatə etməklə bütünlükdə bütün bu zənciri özündə ehtiva edən bir təsərrüfat başa düşülür. Başqa sözlə, aqropark kənd təsərrüfatı məhsullarının istehsalı və emal proseslərinin, aqrotexniki və logistika, sanitar və fitosanitar, marketinq, satış (daxili bazar və ixrac) və digər xidmətlərin vahid məkanda, eyni istehsal ərazisində, elə bir formada birgə fəaliyyətidir ki, həm xammal istehsalı, həm də emal prosesləri yüksək rentabelli olsun, ətraf mühitin qorunması, torpaq və su resurslarından səmərəli istifadə və onların mühafizəsi təmin olunsun, eləcə də bitkiçiliyin, heyvandarlığın və bunlarla yanaşı emal sənayesinin və yan sektorların inkişafı üçün möhkəm əsaslar yaransın. Bununla da aqroparklar ərzaq məhsullarının istehsalı ilə bağlı əsas fəaliyyətlərin, bundan irəli gələn enerji, su və tullantıların idarə edilməsi, logistika, nəqliyyat, ərazi planlaşdırması və digər müvafiq fəaliyyətlərlə birgə təmin olunması mexanizmi kimi çıxış edir. Həmçinin, aqroparklar davamlı inkişaf prinsiplərinə əsaslanaraq istehsal, emal, tədarük, tədqiqat və inkişaf, ticarət və sosial funksiyaları özündə birləşdirən bir mərkəz kimi də xarakterizə olunur.
Azərbaycanın qarşısında duran əsas hədəflərdən biri qeyri-neft sektorunun aparıcı bölməsi olan aqrar-sənaye sektorunun inkişafını təmin etməkdir. Bu məqsədlə aqrar sektorun innovativ meyarlara uyğun qurulması, o cümlədən aqroparkların yaradılması əsas istiqamətlərdəndir.
Sənaye texnoparkları hazırkı dövr üçün ən perspektivli model hesab edildiyindən texnoparkların digər forması olan aqroparklar yaradılır.
Azərbaycanın aqroiqlim şəraiti respublika ərazilərində ekoloji cəhətdən təmiz, təbii üsullarla, yüksək keyfiyyətli və insan sağlamlığı üçün zərərsiz olan ərzaq məhsullarının istehsalına geniş imkanlar açır. Dövlət başçısının qarşıya qoyduğu vacib tapşırıqlardan biri də belə məhsulların xarici bazarlarda yer alması üçün zəruri fəaliyyətlərin həyata keçirilməsidir.
Kənd təsərrüfatında fərdiçilikdən iri istehsal sahələrinə keçmək üçün emal sənayesi ilə ilkin istehsal arasında kooperasiya ən optimal təsərrüfatçılıq formasıdır. Ümumilikdə kənd təsərrüfatının inkişafı, kənd ərazilərinin müasirləşməsi və istehsalın modernləşdirilməsi üçün emal sənayesi mühüm əhəmiyyət kəsb edir. Emal sənayesi kənd təsərrüfatı istehsalının inkişafı yolunda lokomotiv rolunu oynayır. Xammal istehsalı ilə emal sənayesinin vəhdəti daxili imkanlar və yerli resurslar vasitəsi ilə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi və idxal yönümlü məhsul istehsalının artırılması üçün böyük perspektivlər vəd edir. Ərzaq təhlükəsizliyinin təmin edilməsi və kənd təsərrüfatının, bütünlüklə aqrar–sənaye kompleksinin modernləşdirilməsi istiqamətində cənab Prezident tamamilə yeni yanaşma-aqrar sahədə aqroparkların yaradılması konsepsiyasını irəli sürmüşdür. Aqrar–sənaye kompleksində aqroparkların yaradılması konsepsiyası nəinki postsovet respublikaları, hətta Avropa ölkələri üçün də yeni bir mexanizmdir.
Aqroparkların yaradılması əsasən bağçılıq, quşçuluq və heyvandarlığın xammala olan tələbatının yerli istehsal hesabına ödənilməsi ilə yanaşı, ərzaq məhsullarının idxalının maksimum endirilməsinə və kənd təsərrüfatı məhsullarının ixrac imkanlarının genişlənməsinə imkan yaradacaqdır. Bundan əlavə, aqroparkların təşkilinin davamlı inkişafın təmin edilməsi baxımından aşağıdakı üstünlükləri vardır:
Aqroparkda istehsal–emal–logistika–satış qapalı zənciri yaranır və qurumun hər bir komponenti özünüidarə və özünəcavabdehlik prinsipi əsasında fəaliyyət göstərir ki, nəticədə ortaq problemlər və ümumi maraqlar ətrafında birləşməklə rəqabətqabiliyyətlilik təmin olunur;
Daxili bazarın yerli məhsullarla təmin olunmasına, milli brendlərin və ixrac potensialının güclənməsinə nail olunur;
Müasir texnologiyaların tətbiqi üçün şərait yaranır, texnikalardan istifadə əmsalı yüksək olur və bununla da ortaq xərclər minimuma endirilir;
İstehsalçı ilə emalçı arasında bərabərhüquqlu müqavilə münasibətləri yaranır;
Emal müəssisələrinin potensial gücü ilə işləməsinə və istehsal prosesində fasiləsizliyin təmin edilməsinə şərait yaranır;
Yerli istehsalçılardan məhsulların tədarük olunaraq vahid bred altında satışının təmin olunması;
Ekoloji tarazlıq qorunur, su və torpaq resurslarından səmərəli istifadə edilməklə onların mühafizəsi təmin edilir;
Təlim-tədris xidmətinin göstərilməsi kənd təsərrüfatı və qida sənayesində kadr hazırlığını stimullaşdırır;
Kənd təsərrüfatı bitkiləri üzrə ehtimal olunan hər hansı bir xəstəliyin yayılması məhdudlaşdırılır
Ərzaq məhsulları istehsalı üzrə müxtəlif fəaliyyətlər bir məkanda cəmləşir və özü-özünü təmin edən vahid sistem yaranır;
Aqroparkın təşkili üçün düzgün ərazi seçməklə həm hazır, həm də xammalın daşınması üçün nəqliyyat xidmətlərinə və əlavə nəqliyyat infrastrukturuna olan ehtiyaclar əsaslı şəkildə azalmış olur;
Aqroparkların təşkili sayəsində istehsalçıların, təchizatçıların və tədarükçülərin eyni bir ərazidə fəaliyyət göstərməsi sahəsində müvafiq biznes subyektlərinin həm resurslar, həm də məhsullar bazarına çıxışı asanlaşır;
Aqroparkların effektiv biznes strategiyası və innovativ texnologiyalar əsasında təşkili hesabına müasir tələblərə uyğun rəqabətqabiliyyətli ərzaq istehsalı sistemi formalaşır;
Aqroparklarda müasir texnologiyaların tətbiqi əsasında təşkil edilən yeni istehsal gücləri hesabına ərzaq məhsullarına olan tələbatın daxili istehsal hesabına təminatı imkanları genişlənir;
Ənənəvi üsulla həyata keçirilən ərzaq məhsulları istehsalı kənd yerlərindəki müxtəlif ərazilərdən dağınıq şəkildə istifadəni sürətləndirdiyi halda, aqroparkların fəaliyyəti bir ərazini əhatə edir. Bununla da kənd ərazilərinin və ümumilikdə təbii resursların qorunması təmin edilmiş olur;
Aqroparkların ərazisində məhsul istehsalı üzrə keyfiyyətin idarəedilməsi sistemi və digər nəzarət tədbirləri nəticəsində istehsal edilən məhsulların qida təhlükəsizliyi standartlarına uyğunluğu təmin edilir;
Kiçik sahibkarlığın inkişafı təmin olunur, yeni iş yerləri yaradılır və regionda istehsal olunan kənd təsərrüfatı və digər ərzaq məhsulları vahid brend adı altında daxili və xarici bazarlara çıxarılmasına şərait yaranır və s.